AZ   |   RU
Xankəndidə girov saxlanılan Azərbaycan vətəndaşları - Bakının ÇÖRƏYİ separatçıların təbliğatını alt-üst elədi

Qarabağda yaşayan mülki erməni sakinin Laçın dəhlizindəki Azərbaycan postuna yaxınlaşaraq yardım istəməsi və onun ehtiyaclarının lazımi səviyyədə qarşılanması  Ermənistanın rəsmi dairələrində və Xankəndidəki separatçılarda qıcıq yaradıb. Bu gün erməni mətbuatında yayılan "rəsmi" açıqlamalar və bəyanatlardan görünür ki, qarşı tərəf məsələnin mahiyyətini təhrif edərək həmin mülki şəxsin azərbaycanlılara müraciətinin əsl səbəbini gizlətməyə çalışır. Ermənilər həyasızcasına belə təqdim edirlər ki, guya heyvandarlıqla məşğul olan həmin mülki şəxs yolu azaraq Azərbaycan postuna yaxınlaşıb. Üstəlik o da iddia olunur ki, erməninin geri qaytarılması üçün Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Azərbaycan tərəfi ilə günlərlə danışıqlar aparılıb.
 
Ermənilərin sözügedən məsələdən dolayı hazırda isterik tərz nümayiş etdirməsində əslində təəccüblü heç nə yoxdur.  Aydındır ki, apardıqları əsassız təbliğat darmadağın edilib. Bütün dünya gördü ki, Azərbaycan Vətəndaş Cəmiyyəti fəallarının Xankəndi yolunda keçirdiyi etiraz aksiyası Qarabağdakı mülki şəxslərə qarşı yönəlməyib.
Birincisi, erməni iddialarının tam əksi olaraq hər gün Laçın dəhlizindən Xankəndinə humanitar yüklərin daşınır. Azərbaycan orada yaşayan insanların humanitar ehtiyaclarının qarşılanmasını öz üzərinə götürməyə hazır olduğunu açıqlayıb.  Çünki dövlət başçısı İlham Əliyev də çıxışlarında dəfələrlə qeyd edib ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır.
 
Nəhayət Laçın dəhlizində postumuza yaxınlaşan erməninin azərbaycanlılar  tərəfindən xüsusi diqqət və qayğı ilə qarşılanıb yola salınması isə separatçıların apardığı yalan kampaniyasının üzərindən çarpaz xətt çəkmiş oldu. Görüntülərdən də aydın olur ki, postumuza yaxınlaşan erməni Azərbaycan tərəfinin ona göstərdiyi diqqət və qayğıdan çox məmnun qalıb. Ona təqdim olunan sovqatları da böyük həvəslə qəbul edib hamıya öz təşəkkürünü ifadə etdi. Əlbəttə, bu səhnə Xankəndidəki separatçıların təbliğatına uyğun deyil və apardıqları məkrli kampaniyanı tam mənada ifşa edir. Qorxduqları odur ki, belə hallar təkrarlana və hətta kütləvi hal ala bilər. 
 
Gec-tez Qarabağ erməniləri həqiqəti dərk edəcəklər ki, Azərbaycan bayrağı altına sığınmaqdan başqa çıxış yolları yoxdur. Əslində onlar bu gün Xankəndidəki separatçıların təxribatçı planlarının və rəsmi İrəvanın yanlış siyasətinin qurbanlarıdır. Onlar Azərbaycan VC fəallarının Xankəndi yolunda keçirdiyi aksiyaya görə yox, məhz öz başbilənlərinin çirkli oyunlarına görə böhran içindədirlər. Azərbaycanın sülh çağırışlarına cavab verilməməsi daha çox erməni əhalisinin zərərinə işləyir.
 
Əslində dünyanın bilməli olduğu bir həqiqət var: Bu gün Azərbaycan vətəndaşları Xankəndidə girov saxlanılır! Biz onları xilas etmək istəyirik!

Daşqın Həsənov
Missiya.Az


  • 9-01-2023, 12:42