Dekabrın 14-də Bakıda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Gürcüstan Respublikasının İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi və Türkiyə Respublikasının Ticarət Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Gürcüstanın Ticarət və Sənaye Palatası və Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumunun təşkilatçılığı ilə 6-cı Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu keçirilib.
Tədbirdə rəsmi şəxslərlə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 200-dən çox iş adamı iştirak edib.
Missiya.Az xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Gürcüstan- Türkiyə biznes forumunun Bakıda keçirilməsinin əhəmiyyətini vurğulayıb, dövlət başçılarının ölkələrimiz arasında əlaqələrin inkişafına və genişləndirilməsinə xüsusi önəm verdiyini, artıq 6-cı dəfədir ki, üçtərəfli formatda keçirilən biznes forumun Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı birliyi və dostluğu nümayiş etdirdiyini qeyd edib.