"Ermənistan öz öhdəliklərini pozmaqdan əl çəkməli, vəziyyəti gərginləşdirən, regionda sülh və sabitlik perspektivlərinə ziyan vuran hərəkətlərə yol verməməlidir".
Missiya.Az xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının 16-cı konfransında deyib.
Spiker bildirib ki, Ermənistanın hərbi təxribatları nəticəsində başlayan 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və 2020-ci il noyabrın 10-da Ermənistanın kapitulyasiya aktını imzalaması ilə nəticələndi. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrini, beynəlxalq hüququn norma və prinsiplərini həyata keçirərək, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib.
Milli Məclisin sədri müharibənin ilk günlərindən Azərbaycana siyasi dəstəyini ifadə edən qardaş Türkiyə və Pakistana minnətdarlığını bildirib, həmçinin, İƏT Parlament İttifaqına və Baş katib Muhammed Xurayçi Niyassa Azərbaycanın haqq işini dəstəklədiklərinə görə təşəkkür edib.
S.Qafarova diqqətə çatdırıb ki, Azərbaycan artıq işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa proqramlarına başlayıb ki, bu da 1 milyondan çox vətəndaşımızın öz evlərinə qayıtmasına imkan verəcək. Ermənistanla Azərbaycan arasında suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh sazişinin imzalanması, həmçinin sərhədlərin delimitasiyası və demarkasiyası regionda münasibətlərin normallaşmasına və kommunikasiyaların bərpasına gətirib çıxaracaq.