
Azərbaycanda elektrik və hibrid avtomobillərə tətbiq edilən vergi güzəştləri təkcə ətraf mühitin mühafizəsinə deyil, həm də bu sahədə bazarın canlanmasına səbəb olub.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Dövlət proqramlarının idarə edilməsi şöbəsinin müdiri Vüsal Abbasov Bakıda keçirilən 22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi çərçivəsində təşkil olunan “Azərbaycanda elektrik avtomobilləri üçün infrastrukturun inkişafı” panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, 2024-cü ildə elektrik avtomobillərinin sayı 2022-ci illə müqayisədə 10 dəfə, hibrid avtomobillərin sayı isə 2 dəfə artıb.
"Bu artım avtomobil parkının yenilənməsinə də təsir edib. Əgər 2022-ci ildə yaşı 5 ilə qədər olan minik avtomobilləri ümumi nəqliyyat vasitələrinin 4,6 %-ni təşkil edirdisə, 2024-cü ildə bu göstərici 6,4 %-ə çatıb. Yəni təxminən 2 faiz bəndi qədər artım olub”.
V. Abbasov qeyd edib ki, bu nəticələr Azərbaycan hökumətinin biznes reytinqi və komissiyası çərçivəsində yaradılmış alt qrupun fəaliyyəti ilə bağlıdır.: "Alt qrup 2021-ci ildən fəaliyyət göstərir və 2022–2024-cü illəri əhatə edən yol xəritələri əsasında müvafiq tədbirlər həyata keçirilib. Həmin islahatlar da məhz bu yol xəritəsində nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində həyata keçirilib. 2023-cü ildən etibarən alt qrupun fəaliyyətinin əlaqələndirilməsi AYNA tərəfindən aparılır. 2024-cü ildə yol xəritəsinin tədbirləri icra olunub, hazırda isə 2025-ci il üzrə tədbirlər həyata keçirilir".
Şöbə müdiri əlavə edib ki, hazırkı proqram çərçivəsində vergi güzəştlərinin 2026-cı ilə qədər qüvvədə qalması planlaşdırılır:
“2026-cı ildən sonrakı dövr üçün güzəştlərin davam etdirilib-etdirilməməsinə dair qiymətləndirmə aparılır. Yol xəritəsində nəzərdə tutulduğu kimi, vəziyyət təhlil olunaraq müvafiq təkliflər hazırlanacaq və hökumətə təqdim ediləcək”.