
Azərbaycanın tanınmış xanəndəsi Fatma Mehrəliyeva iyunun 4-ü, 1926-cı ildə Qubada dünyaya gəlib.
Missiya.Az xəbər verir ki, o, orta məktəbdə tədris olunan nəğmə dərslərində xüsusi fəallıq göstərib. Bunun nəticəsi olaraq Fatma Mehrəliyeva müəllimlərinin təkidi ilə Bakı musiqi festivalında iştirak etmək üçün Bakıya gedib və festivalda "Qubanın ağ alması" xalq mahnısını ifa edib. On bir yaşlı Fatmanın ifası Üzeyir Hacıbəylinin diqqətini cəlb edib. Bəstəkar Fatma Mehrəliyevanı himayəsinə götürərək yaxşı təhsil alması üçün hər cür şərait yaradıb.
O, muğam, xalq mahnı və təsniflərinin, eləcə də bəstəkar mahnılarının mahir ifaçısı kimi şöhrət qazanıb. Elə sözügedən şöhrət sayəsində lirik soprano səsə malik olan müğənni 1945-ci ildə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında çəkilən "Arşın mal alan" filmində Telli roluna çəkilib. Yaratmış olduğu Telli obrazı Mehrəliyevanın yaradıcılığında böyük rol oynayıb.
Fatma Mehrəliyevanın oxuduğu muğamlar arasında "Kəsmə şikəstə"nin özünəməxsusi yeri olub. Belə ki, musiqişünas alim, professor Ramiz Zöhrabov "Zərbi muğamlar" kitabında "Kəsmə şikəstə"ni məhz sənətkarın ifasında nota köçürüb. Həmçinin, "Getmə dayan", "Olmaz-olmaz", "Ceyranım", "Qubanın ağ alması", "Azərbaycan maralı", "Ahu kimi", "Qaragilə", "Muğan qızı", "Lay-lay", "Unuda bilmirəm" və s. kimi xalq və bəstəkar mahnlarını oxuyan müğənni "Qatar" və "Segah-zabul" muğamlarını ifa edərək Azərbaycan musiqi mədəniyyətinə öz töhfələrini verib.
Fatma Mehrəliyeva 4 yanvar 2000-ci ildə dünyadan köçüb.
Zərintac Mayisqızı
Missiya.Az