Pakistan hazırda enerji səmərəliliyini və enerji qənaətini artırmağa yönəlmiş hərtərəfli strategiya hazırlayır.
Missiya.Az "Report"-a istinadən xəbər verir ki, bunu Pakistanın neft naziri Əli Pervaiz Malik bu gün keçirilən 30-cu Yubiley Bakı Enerji Forumu çərçivəsində bildirib.
Onun sözlərinə görə, Pakistan Azərbaycanın qardaş ölkəsi olaraq enerji səmərəliliyinin təşviqinə yönəlmiş səyləri dəstəkləyir və forumla bütün aspektlərdə əməkdaşlıq etməyə hazır olduğunu bildirir.
"Pakistan inklüziv və dayanıqlı iqtisadi artım modelinə can atır. Xüsusilə dayanıqlılıq aspektini vurğulamaq istəyirəm. Başa düşürük ki, ölkə sənayeləşdikcə enerjiyə tələbat artacaq. Bu artım bərpa olunan enerji mənbələrinin və yeni texnologiyaların aktiv tətbiqi ilə müşayiət olunmalıdır", - nazir qeyd edib.
A.Malik xatırladıb ki, Pakistanın əhalisinin sayı 250 milyonu ötür, lakin adambaşına düşən enerji istehlakı səviyyəsi aşağı olaraq qalır: “Orta illik tələbat təxminən 14 000 meqavat təşkil edir. Biz həmçinin razılaşdırılmış enerji siyasətinə can atırıq. Əminəm ki, elektrik enerjisi, neft, qaz və maye yanacaq məsələləri kompleks şəkildə nəzərdən keçirilməlidir. Enerji sistemi səmərəsiz arbitrajlara gətirib çıxaran pərakəndəliyə yol verə bilməz".
Nazir vurğulayıb ki, elektrik enerjisi və neft sektorları arasında daha yaxşı koordinasiyanı təmin etmək üçün Pakistan mövcud platformaların, xüsusilə də ölkənin Baş nazirinin rəhbərlik etdiyi Enerji Komitəsinin işini gücləndirəcək: "Bu, cari islahat çərçivəsində həyata keçirmək niyyətində olduğumuz əsas addımlardan biridir".