Azərbaycan xalqının qürurla qeyd etdiyi 28 may – Müstəqillik Günü Vətən müharibəsindən sonra həm də əlamətdar hadisələrin yaşandığı tarix kimi yadda qalır. Ötən illərin məhz bu tarixlərindən başlayaraq keçmiş məcburi köçkünlər Laçın və Xocalı şəhərlərinə qayıtmağa başlayıblar. Böyük Qayıdışın hər bir detalını xüsusi diqqət mərkəzində saxlayan cənab Prezident İlham Əliyev 28 may tarixlərində Qarabağ və Şərqi Zəngəzura səfərlər edərək doğma yurdlarına qayıdan vətəndaşlarımızla görüşüb, işğaldan azad olunan ərazilərdə aparılan quruculuq işləri ilə tanış olub, təməlqoyma və açılış mərasimlərində iştirak edib.
Bu ilki Müstəqillik Günü də mühüm əlamətdar hadisələrlə yadda qaldı və yalnız işğaldan azad olunan ərazilərimizin deyil, Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı. Mayın 28-də Şərqi Zəngəzurun dilbər guşələrindən olan Laçın rayonunda yaşananlar məzmun və mahiyyət etibarilə müasir tariximizin, o cümlədən Azərbaycan-Türkiyə-Pakistan dostluğunun və qardaşlığının qürur doğuran nailiyyətləridir. Həmin gün işğaldan azad edilən ərazilərdə son 4 ildə istifadəyə verilən 3-cü aeroportun - Laçın Beynəlxalq Hava Limanının açılış mərasiminin keçirilməsi Azərbaycan dövlətinin qüdrətinin nümayişi oldu və göstərdi ki, Vətən müharibəsindəki Zəfərimiz hazırda quruculuq meydanında layiqincə davam etdirilir. Hava Limanının açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı isə Azərbaycan-Türkiyə qardaşlığınını növbəti təcəssümü oldu.
Mayın 28-də Laçında yaşanan ən böyük hadisə isə əlbəttə ki, Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin Zirvə görüşünün keçirilməsi oldu. Bu Zirvə görüşü tarixə qardaşların görüşü kimi düşdü və Azərbaycan-Türkiyə-Pakistan dostluğunun və birliyinin möhtəşəm təntənəsinə çevrildi. Bir daha göründü ku, Azərbaycan, Türkiyə və Pakistan arasındakı münasibətlər özünün tarixi zirvəsinə yüksəlib.
Əvvəlcə onu qeyd edim ki, Azərbaycanın xarici siyasətində Türkiyə və Pakistanla münasibətlərin xüsusi yeri var. Çünki bu iki dövlət yalnız xoş günlərdə deyil, dar günlərdə də Azərbaycanın yanında olublar, qardaşlıqlarını sözdə deyil, əməldə də sübuta yetiriblər. Xalqımız bunun ən böyük nümunəsini 44 günlük Vətən müharibəsi günlərində gördü. Həmin vaxt Türkiyə və Pakistanın siyasi və hərbi rəhbərliklərinin verdikləri qətiyyətli bəyanatları yaxşı xatırlayırıq. Həmin bəyanatların fonunda bütün dünya gördü ki, Azərbaycan özünün haqlı mübarizəsində tək deyil, qardaşları da yanındadır. Zirvə görüşündə bu barədə söz açan Prezident İlham Əliyevin qeyd etdiyi kimi Türkiyənin və Pakistanın dəstəyi bizi ruhlandırırdı, bizə əlavə güc verirdi:
«44 günlük İkinci Qarabağ müharibəsi zamanı bizi Türkiyə və Pakistan dəstəkləmişdir. Türkiyənin və Pakistanın dəstəyi bizi ruhlandırırdı, bizə əlavə güc verirdi. Bu böyük siyasi və mənəvi dəstəyə görə biz hər zaman qardaş ölkələrin rəhbərlərinə, qardaş xalqlara minnətdarıq».
Bir məsələni də xüsusi vurğulamaq yerinə düşər ki, Türkiyə və Pakistan həm də Azərbaycanla dostluğa və qardaşlığa sadiq qalaraq Ermənistanla diplomatik münasibət qurmayan dövlətlərdir. Bu dövlətlər həmçinin bütün beynəlxalq platformalarda Ermənistanın işğalçı siyasətini ifşa ediblər
Azərbaycan, Türkiyə və Pakistan həm də bir-birlərini istisnasız olaraq bütün məsələlərdə birmənalı şəkildə dəstəkləyən, bir-birlərinin uğurlarına sevinən, kədərlərinə şərik olan dövlətlərdir. İki qardaş dövlət Qarabağ məsələsində respublikamızın yanında olduqları kimi, Azərbaycanla Pakistan da Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı proseslərdə Türkiyəni hər zaman dəstəkləyirlər. Eyni zamanda Azərbaycanla Türkiyə Kəşmir probleminin həllində qardaş Pakistanla həmrəydirlər. Bir neçə həftə əvvəl Hindistanın Pakistanan hərbi müdaxiləsi zamanı da rəsmi Bakı və Ankara birmənalı şəkildə İslamabada dəstəklərini ifadə etdilər. Üç qardaş dövlətin bu birliyi İslam dünyasının da həmrəyliyinə, daha qlobal səviyyədə isə sülhə və təhlükəsizliyə layiqli töhfələr verir.
Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçında keçirdikləri Zirvə görüşü isə bu dövlətlərin dostluqlarının və birliklərinin əbədi, sarsılmaz olması ilə bağlı dünyaya verdikləri mesaj oldu. Bu görüş üç qardaş dövlətin həm də ən yaxın strateji tərəfdaş və müttəfiq olduqlarını nümayiş etdirdi.
Bizim üçün Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçın Zirvə görüşünün başqa bir önəmi ölkəmizin bədxahlarına, Ermənistana və onun havadarlarına verilən mesajdır. Belə ki, Türkiyə və Pakistan liderləri bu dəfə Şərqi Zəngəzurdan beynəlxalq ictimaiyyətə mesaj verərək, bundan sonra da Azərbaycanın yanında olacaqlarını, respublikamızın haqq işini müdafiə edəcəklərini, ölkəmizin ərazi bütövlüyünü hər zaman dəstəkləyəcəklərini nümayiş etdirdilər. Bu mənada Laçın Zirvə görüşü Azərbaycan üçün siyasi əhəmiyyət kəsb edən bir hadisəyə çevrildi. Bu görüşün məhz xalqımızın Müstəqillik Günündə keçirilməsi isə Prezident İlham Əliyevin qeyd etdiyi kimi böyük rəmzi məna daşıdı.
Laçın Zirvə Görüşündə Azərbaycan, Türkiyə və Pakistan həmrəyliklərini və bundan sonra da bütün məsələlərdə vahid mövqedən çıxış edəcəklərini üçtərəfli formatda bir daha təsdiqlədilər. Görüşdə müzakirə edilən məsələlər, əldə olunan razılaşmalar Azərbayca, Türkiyə və Pakistanın bir-birinə daha da yaxın edəcək, onlar arasındakı münasibətlərin dərinləşməsinə təkan verəcək. Ən əsası bu görüş 3 dövlətin dostluğunu və qardaşlığını daha möhkəmləndirəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi Zirvə görüşündə bir daha bizim strateji əməkdaşlığımız təsdiqləndi:
«Biz yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk. Bu gün ikinci üçtərəfli Zirvə görüşündə bir daha bizim strateji əməkdaşlığımız təsdiqləndi. İşğaldan azad edilmiş Laçında, Şərqi Zəngəzurda iki qardaş ölkənin liderlərinin iştirakı ilə keçirilən bugünkü mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürüdür».
Bu Zirvə görüşünün qürurdoğuran başqa bir tərəfi odur ki, artıq Qarabağ və Şərqi Zəngəzur ən mühüm siyasi tədbirlərə evsahibliyi edir. Azad edilmiş ərazilərdə inşa edilən hava limanlarına dost dövlətlərin liderlərinin təyyarələri enir. Bir vaxtlar bu mənzərəni yalnız xəyal edə bilərdik. Lakin indi bunlar reallıqdır və bunu təmin edən, başqa cür desək xəyallarımızı gerçəkliyə çevirən isə möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarıdır.
Xanlar Fətiyev
Milli Məclisin deputat