
Zəngilan rayonunun Ağalı kəndində sakinlərlə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədilə istifadəyə verilməsi üçün icarə müqavilələri bağlanılır.
Missiya.Az xəbər verir ki, bunu Prezident Administrasiyasının və işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyev Ağdam şəhərində keçirilən Qərargahın növbəti iclasında bildirib.
"Dayanıqlı məskunlaşmaya nail olmaq üçün geri qayıdan keçmiş məcburi köçkünlərin məşğulluq məsələlərinin həlli əsas hədəflərdən biridir. Bu məqsədlə kənd təsərrüfatı sahəsində fəaliyyətin genişləndirilməsi, biznes mühitinin stimullaşdırılması və iqtisadi fəallığın təşviqi istiqamətlərində zəruri tədbirlər görülür. Artıq Ağalı kəndində sakinlərlə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədilə istifadəyə verilməsi üçün icarə müqavilələri bağlanır, işğaldan azad olunmuş ərazilərdə yaradılmış sənaye məhəllələrində sahibkarlıq fəaliyyəti genişləndirilir və investisiyalar cəlb edilir", - S.Nuriyev qeyd edib.
Xatırladaq ki, Ağalı kəndində kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədi üçün 110 hektar ərazi seçilib. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxilliklər üçün 5 il təşkil edəcək və istifadə nəticələrinə müvafiq olaraq uzadılacaq. Torpaq 2 illik veriləndən sonra monitorinqin nəticələrinə əsasən müddət 3 il olacaq, 5 illik icarə isə 15 il üçün nəzərdə tutula bilər. Ağalı kəndindəki kənd təsərrüfatı təyinatlı torpaqlar əkin məqsədi ilə heç bir icarə haqqı olmadan istifadəyə veriləcək.
Ağalı kəndində birillik və çoxillik bitkilərdən - şaftalı, nektarin, ərik, nar, xurma, çiyələk, qarağat, pomidor, xiyar, badımcan, bibər, soğan, tərəvəz lobyası, mətbəx çuğunduru, kök, kələm, qarpız, yemiş, soya, noxud, mərcimək, kartof, üzüm (süfrə), tütün, şəkər çuğunduru, buğda, arpa, qarğıdalı, yem üçün yonca, xaşa, ot qarışıqlarının əkilməsi nəzərdə tutulur.