AZ   |   RU
Samir Nuriyev: Prezident azad edilmiş ərazilərdə 159 layihənin təməlini qoyub, 133 infrastruktur obyektinin açılışını edib



Azərbaycan Prezidenti İlham Əliyev beş il ərzində azad edilmiş ərazilər üzrə 500-dən çox tədbirdə iştirak edib, müxtəlif təyinatlı 159 layihənin təməlini qoyub, 133 infrastruktur obyektinin açılışını edib.

Missiya.Az xəbər verir ki, bu barədə Prezident Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyev mayın 23-də qurumun Ağdam şəhərində keçirilən iclasında məlumat verib.

O, dövlət başçısının xüsusi diqqət və qayğısı sayəsində Ağdam rayonu da daxil olmaqla işğaldan azad olunmuş bütün ərazilərin sürətlə dirçəldiyini və inkişaf etdiyini diqqətə çatdırıb. 

Qərargah rəhbəri deyib ki, burada dağıdılmış infrastruktur bərpa olunur, kəndlər və şəhərlər yenidən qurulur, həyat getdikcə daha çox canlanır. Beş il ərzində dövlət başçısı işğaldan azad olunmuş ərazilər üzrə 500-dən çox tədbirdə iştirak edib, müxtəlif təyinatlı 159 layihənin təməlini qoyub, 133 infrastruktur obyektinin açılışını edib.

S.Nuriyev bildirib ki, Böyük Qayıdış proqramının uğurlu icrası və dayanıqlı məskunlaşmanın təmin olunması istiqamətində mühüm işlər görülür, işğaldan azad olunmuş ərazilərdəki 14 yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlərin qayıdışı artıq təmin edilib. Bütövlükdə hazırda dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsil alanlar da daxil olmaqla işğaldan azad edilmiş ərazilərdə 43 mindən çox insan yaşayır və fəaliyyət göstərir.




  • Dünən, 20:15