
Amerika Birləşmiş Ştatları(ABŞ) Dövlət Departamentinin Əhali, Qaçqınlar və Miqrasiya Bürosu (PRM) Birləşmiş Ştatlar prezidenti Donald Trampın sərəncamı ilə ABŞ Beynəlxalq İnkişaf və Yardım Agentliyinin (USAID) bəzi səlahiyyətlərini alacaq .
Missiya.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi sənədlərə istinadən məlumat yayıb.
Artıq PRM-nin xaricdə humanitar fövqəladə hallara Vaşinqtonun reaksiyasını koordinasiya etmək məsuliyyətini öz üzərinə götürəcəyi dəqiqləşdirilir.
Sənədlərdə bildirilib: “Yeni razılaşmaya əsasən, ABŞ-nin bütün xaricdəki missiyaları fəlakət bəyannaməsi ilə bağlı PRM ilə məsləhətləşməlidir".
Bundan əlavə, PRM təsdiqi ilə, təbii fəlakətlər zamanı ilkin cavab tədbirlərini dəstəkləmək üçün 100.000 ABŞ dollarına qədər vəsait mövcud ola bilər. Həmçinin, əlavə resurslar yalnız Dövlət Departamentinin digər ofisləri ilə razılaşdırılmaqla müəyyənləşdirilmiş humanitar ehtiyaclar əsasında təmin edilə bilər.
Hesabatda deyilir ki, xaricdə fəlakət baş verərsə, PRM-in USAID-in qalan işçilərini “ən effektiv və səmərəli cavab tədbirləri görmək üçün” səfərbərliyə çağırması gözlənilir.
Qeyd edək ki, Tramp administrasiyasının USAİD-i ləğv etməsi nəticəsində minlərlə podratçı işdən çıxarılıb. 10 000 işçinin əksəriyyəti inzibati məzuniyyətə göndərilib, bir sıra milyard dollarlıq humanitar proqramlar isə tamamilə ləğv olunub.
Zərintac Mayisqızı
Missiya.Az