Yeni yaradılacaq Ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürüləcək vəsaitlərin mənbəyi müəyyənləşir.
Missiya.Az xəbər verir ki, bununla bağlı "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanuna yeni maddənin əlavə edilməsi təklif olunur.
Dəyişikliyə əsasən, aşağıdakı vəsaitlər ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürülür:
- icra sənədlərinin məcburi icrası ilə bağlı borclunun hesabından tutulan "Icra haqqında" Qanunun 78.3-cü maddəsində nəzərdə tutulmuş icra ödənişinin məbləği, habelə həmin Qanunun 79-cu maddəsində nəzərdə tutulmuş halda icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər ədliyyə orqanlarının xüsusi xəzinə hesabının vəsaiti hesabına ödənildikdə həmin xərclərin qaytarılması ilə bağlı vəsait;
- cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin "İcra məmurları haqqında" Qanunun 12-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş məbləği;
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tabeliyində olan məhkəmə ekspertizası idarələrində məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar göstərilən xidmətlərə görə ödənilən haqq.