AZ   |   RU
Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günüdür


28 aprel oftalmoloq - alim, akademik Zərifə Əliyevanın doğum günüdür.

Missiya.Az
xəbər verir ki, tibb elmləri doktoru 1923-cü ildə həkim Əziz Əliyev və Leyla Əliyevanın ailəsində dünyaya göz açıb.

Həkimlər Tamerlan Əliyev, Cəmil Əliyevin və musiqiçi Gülarə Əliyevanın bacısı Zərifə xanım 1932–1942-ci illərdə orta məktəbdə təhsil alıb. 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1949–1950-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə. Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, 1982–1985-ci illərdə görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri vəzifələrində çalışıb.

Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasında az intensivli zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə bir sıra qiymətli tədqiqatlar aparıb. O cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Z. Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf edib.


Görkəmli alim 8 noyabr 1954-cü ildə Ümumilli liderimiz Heydər Əliyev ilə ailə qurub, 1955-ci il 18 oktyabr Sevil Əliyeva, 1961-ci il 24 dekabr Prezident İlham Əliyev dünyaya gəlib.


1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərifə xanım Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri Xiyabanda, atasının qəbri yanında dəfn olunub.  Xatirəsi hər zaman böyük ehtiramla yad edilir.




Zərintac Mayisqızı
Missiya.Az



  • Bu gün, 09:54