AZ   |   RU
İş yerlərində qanun pozuntusu: Bəzi elanlarda iş saatları niyə yüksəkdir? – AÇIQLAMA


İş elanlarına nəzər salanda zaman-zaman xoşagəlməz məqamlarla qarşılaşırıq. Məsələn iş saatları qanunvericiliyin tələblərinə zidd şəkildə həddindən artıq müəyyən olunur, ya da elanda iş saatı normal qoyulsa da sonradan artırılaraq işə düzələn şəxsin hüquqları pozulur. Ya da işçilər bir neçə öhdəliklə yüklənir və üstəlik əmək haqqı da aşağı təyin edilir.

İnsan Resursları üzrə mütəxəssis (HR) Röyal Əhmədov Missiya.Az-a açıqlamasında deyib ki, Azərbaycanda qanunvericiliyin tələblərinə görə standart iş saatı 40 saatdır:

“5 günlük olanlarda 8 saat, 6 günlüklərdə 7 saatdır. Amma bəzi vakansiyaları analiz edərkən bir çox şirkətlərin iş saatları 60 – 70 saatı ötür və açıq-aşkar yazılır. Bu qanunvericiliyin tələblərinin kobud şəkildə pozulmasıdır. 6 günlük iş rejimində çalışan yerlərin əksər vakansiyalarında saat 8:00-dan 18:00-a, ya da 9:00-dan 18:00-a qədər müəyyənləşdirilir ki, bu da 40 saat rejimini keçir. Bəzi hallarda elanlarda göstərildiyi təqdirdə məsələn 5 günlük iş rejimində çalışan şirkətlərdə 9:00-dan 18:00-a qədər qeyd olunur. Lakin həmin şirkətlərdə çalışmağa yeni getmiş şəxslər iş saatının qədərindən artıq olduğunu görürlər. Belə neqativ vəziyyətlərin qarşısının alınması şirkətin, şirkət rəhbərinin üzərinə düşür”.




Röyal Əhmədov qurumların vakansiyalarda axtardıqları şəxsə həddindən çox iş tapşırması, bu azmış kimi əmək haqqının az olması məsələsindən də danışıb:

“Sözügedən hal iş axtaranın motivasiyadan düşməsi ilə nəticələnir. Bu da mövcud iş yerlərində aktiv olan boş vakansiyaların bağlanmaması, digər halda isə işsiz şəxslərin iş tapmamasına gətirib çıxarır”.



Zərintac Mayisqızı
Missiya.Az




  • Bu gün, 11:37