
“Uğurlu gələcək üçün etibarlı dəstək” layihəsi “Azərbaycan Uşaqları” İctimai Birliyi (AUİB) tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi çərçivəsində həyata keçirilir.
Missiya.Az xəbər verir ki, həmin layihənin məqsədi ağır sosial vəziyyətdəki ailələrin və cəzaçəkmə müəssisəsindəki şəxslərin övladlarının sosial reabilitasiyasını həyata keçirməklə uşaqlar arasında cinayətkarlığın azaldılması, həmin qrupa daxil olan şəxslərin qanunlara riayət etməklə yaşamaları, cəmiyyətə tamhüquqlu vətəndaş kimi inteqrasiyası və onlara kompleks dəstəyin göstərilməsidir.
Bu ilin fevral ayından başlamış layihədə xidmətlər göstəriləcək potensial benefisiarların ilkin siyahısı artıq hazırlanıb, onun əsasında “Yol xəritəsi”nin tərtib edilməsi başa çatıb. Onlara təhsil, sosial, hüquqi, psixoloji və digər ehtiyacların ödənilməsi kimi bir sıra yardımlar təqdim edilir.
Layihənin vəzifələrinə Bakı şəhərində yaşayan 6-17 yaş arası benefisiarlara yuxarıda qeyd edilən xidmətlərin göstərilməsi yolu ilə onların təhsil nəticələrini yaxşılaşdırma və beləliklə özləri və ailələrinin sosial vəziyyətlərinə müsbət təsir göstərmək üçün fəaliyyətlərin icrası daxildir.
Aprel ayı ərzində müəyyənləşdirilmiş benefisiar heyəti üçün uzunmüddətli fərdi və qrup təhsil xidməti, psixoloji dəstək, eləcə də, həyat bacarıqları mövuzusunda silsilə təlimlər keçirilib. Eyni zamanda onların sosial ehtiyaclarının qarşılanması üçün dərsliklər, məktəb ləvazimatları, çantalar, geyim və s. təqdim olunub. Həmçinin, müraciətlər əsasında yeniyetmə və uşaqlara müvafiq hüquqi dəstək üçün məsləhətlər və sosial müşayiət yerinə yetirilib. Növbəti aylarda layihə üzrə nəzərdə tutulan dəstək proqramları və konsultasiyalar davam etdiriləcək.
Layihə bu ilin iyun ayında yekunlaşacaq.


Zərintac Mayisqızı
Missiya.Az