AZ   |   RU
"Çin ilə iqtisadi, siyasi və ticari əlaqələrimizi gücləndirmək vacib əhəmiyyətə malikdir" - Politoloqdan açıqlama


Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyevə Çinə səfər ediblər. Dövlət başçısı Pekində bir sıra görüşlər keçirib və bu gün Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşərək, iki ölkə arasında 21 müqavilə imzalanıb. Bütün bunlar hər iki ölkənin bir-birinə xüsusi önəm verdiyini bir daha göz önünə qoymuş olur. Bundan əlavə Çin Avropaya gedən yolun Azərbaycandan keçməsinə xüsusi önəm verir ki, bu da ölkəmizin Pekin üçün nə qədər vacib əhəmiyyət kəsb etdiyininin vacib göstəricisidir. 



Ümumiyyətlə, İlham Əliyevin Çinə səfəri, iki ölkə arasında imzalanan müqavilələr Azərbaycana hansı üstünlükləri qazandıra bilər? 


Mövzu ilə bağlı Missiya.Az-a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, politoloq Tural İsmayılov bildirib ki, Azərbaycanla Çin arasındakı əlaqələr doğurdan da mükəmməl bir səviyyədə inkişaf edir: 


“Daha əvvəl Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) zirvə görüşü formatında Azərbaycan və Çin arasında vacib bir müqavilə imzalanmışdı və bu gün biz iki ölkə arasındakı münasibətlərdə növbəti bir tarixi anlara şahidlik edirik. Bu gün Azərbaycan və Çin arasında hərtərəfli əməkdaşlığa dair birgə müqavilənin imzalanması iki ölkə münasibətlərində vacib əhəmiyyətə malikdir. Azərbaycan daha əvvəldən artıq Çin vətəndaşlarının ölkəmizə vizasız gediş-gəlişini təsdiqləmişdi. Amma bu gün imzalanan müqavilədən sonra artıq Azərbaycan vətəndaşları da Çin Xalq Respublikasına vizasız gedib gələ biləcəklər”. 


Tural İsmayılov qeyd edib ki, eyni zamanda Azərbaycan Dövlət Neft Şirkəti ilə Çinin aidiyyatı qurumları arasında imzalanan müqavilələr qarşılıqlı investisiya qoyuluşlarının artırılması ilə bağlı birgə iradənin ortaya qoyulması üçün çox önəmlidir: 


“Həmçinin Azərbaycan və Çin bütün beynəlxalq platformalarda separatizmə və terrorçuluğa qarşı ortaq bir mübarizənin də təməl daşlarını qoymuş oldular. Bununla da Çin Azərbaycanın ərazi bütövlüyünü bundan sonra da dəstəkləyəcəyini açıq formada bəyan etdi. Azərbaycan da öz növbəsində Çinin suverenliyini və ərazi bütövlüyünü ən yüksək səviyyədə dəstəklədiyini vurğuladı. Hesab edirəm ki, Çin kimi bir ölkə ilə bizim iqtisadi, siyasi və ticari əlaqələrimizi gücləndirmək vacib əhəmiyyətə malikdir. İki ölkə arasında imzalanan müqavilələr eyni zamanda mədəni layihələri də özündə ehtiva edir. Ölkəmizdə Çin günlərinin bundan sonra da aktiv şəkildə keçirilməsi və Çində də Azərbaycan günlərinin təşkil edilməsi iki ölkə rəhbərlərinin ortaq imzaladığı bəyanatda öz əksini tapıb. Bundan əlavə Azərbaycan və Çin kosmos tədqiqatlarını da ortaq aparacaqlarını bəyan etmiş oldular”,- deyə politoloq qeyd edib.


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 15:50