AZ   |   RU
Çin-Azərbaycan münasibətlərinin dərinləşməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir



Çin dünyanın ən böyük dövlətlərindən biridir. Dünyanın bütün ölkələri ilə qarşılıqlı sürətdə faydalı əməkdaşlıq prinsiplərini rəhbər tutan Azərbaycan Çin Xalq Respublikası ilə də bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. İki respublika arasında möhkəm diplomatik və mədəni əlaqələr mövcuddur.


Çin Xalq Respublikası Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Belə ki, ÇXR 1991-ci il dekabrın 27-də Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Çin dünya ictimaiyyəti ilə birlikdə problemin sülh yolu ilə həll edilməsi üçün səylərini göstərməyə hazır olduğunu bildirib və BMT-nin müvafiq qətnamələrini hər zaman dəstəklədiyini ifadə edib.


Azərbaycanla Çin arasında diplomatik münasibətlər 1992-ci il, aprel ayının 2-də qurulub. 1992-ci ilin avqustunda Çin Xalq Respublikasının Azərbaycanda, 1993-cü ilin sentyabr ayında isə Azərbaycanın Pekində səfirliyi açılıb.


Azərbaycanla Çin münasibətlərinin inkişafı Ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra daha da güclənib. 1994-cü ilin 7-10 mart tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Çin Xalq Respublikasında rəsmi səfərdə olub. Səfər zamanı iki dövlət arasında səkkiz müqavilə imzalanıb. Çin Xalq Respublikasının Sədri Heydər Əliyevlə danışıqlarda bildirib ki, Çin Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinə böyük əhəmiyyət verir və bütün sahələrdə dostcasına əməkdaşlığın daha da genişləndirilməsi üçün onunla birlikdə səy göstərməyə hazırdır. 1996-cı ilin aprelində isə Çin Xalq Respublikasının Baş nazirinin müavini Tsyan Tsiçen Azərbaycanda səfərdə olub.


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də digər ölkələrlə bərabər Çinlə də əlaqələrin inkişafına xüsusi diqqət yetirir. Prezident İlham Əliyev 21 aprel 2025-ci ildə Çinin Sinxua agentliyinə verdiyi müsahibədə qeyd edib ki, 2023-cü il iyulun 3-də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bəyannamədə xüsusi olaraq qeyd edilib ki, 1992-ci il aprelin 2-də diplomatik münasibətlərin qurulduğu andan sonra ikitərəfli əməkdaşlıq bir çox səmərəli nəticə verib. Bununla yanaşı İlham Əliyev Azərbaycanla Çin arasında əməkdaşlığı gələcəkdə də genişləndirmək, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirmək, iki ölkənin ümumi maraqlarını birlikdə müdafiə etmək, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə təşviq etmək barədə razılığa gəlindiyini vurğulayıb.


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müsahibəsində “Birgə Strateji tərəfdaşlığın qarşılıqlı hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıq kimi ikitərəfli münasibətlərin əsas prinsipləri üzərində qurulacağı barədə bəyan edildiyini söyləyib. Birgə Bəyannamədə, həmçinin Azərbaycan və Çin Xalq Respublikasının bir-birinin suverenliyinə və ərazi bütövlüyünə layiqli hörmətlə yanaşan, daxili işlərə qarışmamaq və dinc yanaşı yaşamaq prinsiplərindən irəli gələn müstəqil xarici siyasət yürüdən vacib və etibarlı tərəfdaş olduqları təsdiq olunub.


Bəyannamənin imzalanması tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır. Azərbaycan Prezidenti ÇXR-in Sədri Si Cinpin ilə ikitərəfli görüş əsnasında çıxışında qeyd edib ki, qəbul olunan Bəyannamə ÇXR və Azərbaycanı rəsmi strateji tərəfdaşlara çevirir və bu, böyük nailiyyət, böyük məsuliyyətdir. 

Eyni zamanda cənab İlham Əliyev Astanada görüş zamanı Çinə dövlət səfərinə dəvət olunub. Dövlət başçımız da ÇXR-in Sədrini onun üçün uyğun olan vaxtda ölkəmizə səfərə dəvət edib. Şübhəsiz ki, belə görüşlər ölkələrimizi hər bir sahədə daha da yaxın və faydalı əməkdaşlığa sövq edəcək.


İkitərəfli münasibətlərin dərinləşməsini Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Bu gün əminliklə demək olar ki, münasibətlərimiz çox müsbət dinamikaya malikdir. 2024-cü ildə hökumət və parlamentin yüksək vəzifəli üzvləri, nazirliklərin və idarələrin, Baş Prokurorluğun rəhbərləri, həmçinin Prezident Administrasiyasının və Yeni Azərbaycan Partiyasının mərkəzi aparatının rəsmi nümayəndələri Çində səfərdə olublar.


Çin Xalq Respublikası bu gün Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından birinə çevrilib. Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Çinin Azərbaycanın xarici ticarət dövriyyəmizdə payı 7,9 faiz olub, həmçinin idxal üzrə də lider mövqeyinə çıxıb və bu göstərici 17,69 faizə çatıb.

Hazırda Azərbaycanla Çin arasında qeyri-neft sektorunda, xüsusən yüksək texnologiyalara və innovasiyalara, alternativ və bərpaolunan energetikaya yönəlmiş birbaşa investisiyaların cəlb olunması sahəsində birgə əməkdaşlığın perspektivlərinə dair danışıqlar aparılır.


“Kəmər və yol” təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlıq genişləndirilir. Bu istiqamətdə artıq mühüm uğurlar qazanılıb.


2019-cu ildə Pekində keçirilən “Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirak edən dövlət başçımızın bu səfəri çərçivəsində 10 mühüm sənəd imzalanıb. Sənaye, investisiya, ticarət sahələrini əhatə edən bu sənədlərin reallaşması Azərbaycanla Çin arasında ticari-iqtisadi əməkdaşlığın daha da genişlənməsinə təkan verib. Əgər 2018-ci ildə Çin Azərbaycanın 6-cı ticarət tərəfdaşı idisə, 2023-cü ilin nəticələrinə görə 4-cü iri ticarət tərəfdaşıdır.


Son illərdə Azərbaycanla səmərəli investisiya əməkdaşlığı həyata keçirilir. Belə ki, Çinin 1995-ci ildən indiyədək Azərbaycana yatırdığı investisiyanın həcmi 920 milyon dollara çatıb. Eyni zamanda Azərbaycanın Çinə sərmayə qoyuluşu bundan təqribən 2 dəfə çoxdur. Bu gün Azərbaycanda Çin kapitalı ilə 375 şirkət qeydə alınıb, onlardan 298-i ölkəmizdə aktiv fəaliyyət göstərir. 


Azərbaycan Prezidenti agentliyə müsahibəsində qeyd edib ki, Azərbaycan ÇXR-in Sədri tərəfindən irəli sürülmüş “Kəmər və yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biridir. Bu istiqamətdə ciddi praktik layihələr həyata keçirilir. Əminliklə demək olar ki, Azərbaycan bu layihənin reallaşmasına istər öz ərazisində, istərsə də onun hüdudlarından kənarda Çindən sonra daha çox investisiyalar qoyan ikinci ölkədir. 


Özünün əlverişli coğrafi mövqeyindən istifadə edən Azərbaycan ərazisindən yük axınının kəskin artmasını nəzərə alaraq, beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə, müasir infrastruktur yaratmağa və onların ötürücülük qabiliyyətinin artırılmasına əlavə investisiya qoymağa davam edir.


Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz), həmçinin Xəzərdə ən iri limanlardan biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı “Kəmər və yol” təşəbbüsü çərçivəsində iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması üçün yeni perspektivlər açır.


Hazırda Orta Dəhliz Avropa və Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Çinlə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur, həmçinin yüklərin Çindən Avropaya və əks istiqamətdə çatdırılmasının ən optimal yoludur. Onun əhəmiyyəti sürətlə artır.


Azərbaycan ilə Çin arasında tranzit daşımaların həcmi 2024-cü ildə 378 min ton olub ki, bu da 2023-cü illə müqayisədə 86 faiz çoxdur. 2024-cü il ərzində Çindən Azərbaycana ixrac və tranzit rejimində Orta Dəhlizlə 287 marşrut qatarı yola salınıb.


Strateji tərəfdaşlığın qurulmasına dair Birgə Bəyannamədə iki ölkənin mövcud müqavilə-hüquqi bazası çərçivəsində təhsil sahəsində əməkdaşlığın sabit inkişafı bəyan edilib.   


Bununla yanaşı, dillərin öyrənilməsi və tədrisi sahəsində əməkdaşlığa xüsusi diqqət yetirilir. Belə ki, Azərbaycan və Çinin ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə bakalavr, magistratura və doktoranturalar fəaliyyət göstərir. Konfutsi İnstitutunun tərəfdaşları olan Azərbaycanın bir sıra ali təhsil müəssisələrində Çin dili tədris olunur. Son illərdə Çində də Azərbaycan dilinin və mədəniyyətinin öyrənilməsi mərkəzləri fəaliyyətə başlayıb, müvafiq kafedra yaradılıb. İki ölkənin universitetləri arasında məhsuldar əməkdaşlıq həyata keçirilir, zəruri müqavilə-hüquqi baza yaradılır. 


Azərbaycan turizmin inkişafı və işgüzar fəaliyyətin artırılması məqsədilə Çin vətəndaşlarına münasibətdə vizasız rejimi birtərəfli qaydada tətbiq edib. Ölkələrimizin vətəndaşlarının vizasız gediş-gəlişinin asanlaşdırılması turist axınının artmasına kömək edəcək və bununla da iqtisadi, humanitar və mədəni əlaqələr genişlənəcək.


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “ÇXR-in Sədri Si Cinpinin qətiyyətli və müdrik rəhbərliyi altında Çinin bütün sahələrdə qazandığı nailiyyətlər və uğurlar onu dünyanın ən güclü və qabaqcıl ölkələri sırasına çıxardı, ölkənin beynəlxalq arenada mövqelərini daha da möhkəmləndirdi. Si Cinpinin başçılığı ilə Çin böyük uğurlar qazanıb. Çinin inkişafı təkcə Çin xalqının deyil, həm də dünyanın maraqlarına cavab verir.


Sədr Si Cinpinin dəvəti ilə 2014-cü ildə Çinə işgüzar səfər etdim, artıq 2015-ci ildə Çin Xalq Respublikasına dövlət səfərim oldu. 2019-cu ildə ÇXR Sədrinin dəvəti ilə Pekində keçirilən İkinci “Kəmər və yol” beynəlxalq əməkdaşlıq forumunda iştirak etdim.


Sədr Si Cinpin ilə görüşlərimizi və səmərəli müzakirələrimizi böyük məmnuniyyətlə xatırlayıram. Şadam ki, qədim tarixə və xeyirxah ənənələrə əsaslanan Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir, strateji tərəfdaşlığımız isə yeni müsbət məzmunla zənginləşir. Fəal dialoqumuz, şəxsi görüşlər, telefon danışıqları, məktubların mübadiləsi əsasında yaranan qarşılıqlı hörmət və etimad ikitərəfli münasibətlərin dərinləşməsində misilsiz rol oynayır.


Əminliklə deyə bilərəm ki, ÇXR-ə bütün əvvəlki səfərlər zəngin proqrama malik idi və qarşılıqlı maraqlara əsaslanan Azərbaycan-Çin çoxtərəfli əməkdaşlığının genişləndirilməsinə yönəlmiş bir sıra mühüm ikitərəfli sənədlərin imzalanması ilə müşayiət olunurdu. İnanıram ki, qarşıdakı səfər də Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi işinə xidmət edəcək.


Şəhla Ağbulud
Yazıçı-publisist, “Abşeron” qəzetinin baş redaktoru



  • Bu gün, 10:23