
Bu gün Londonda keçiriləcək görüşdə ABŞ nümayəndələri Ukrayna tərəfinə münaqişənin həlli üçün yeddi bənddən ibarət sülh planını təqdim etməyi planlaşdırırlar.
Missiya.Az xəbər verir ki, bu barədə “Daily Telegraph” qəzeti məlumat yayıb.
Bildirilib ki, birinci və ikinci bəndlər dərhal atəşkəs və Ukrayna ilə Rusiya arasında birbaşa danışıqları nəzərdə tutur.
Üçüncü bənd isə Ukraynanın Avropa ittifaqına (Aİ) daxil olmaq imkanını saxlamaqla NATO-ya üzv olmaqdan imtina etməsi ilə bağlıdır.
Dördüncü bənd Rusiyanın Krım üzərində suverenliyinin tanınması, beşincisi isə 2022-ci ildə Rusiya Federasiyasının tərkibinə daxil olmuş ərazilərin ABŞ tərəfindən faktiki olaraq tanınmasıdır.
Planın altıncı bəndində Ukraynanın ABŞ-ilə mineral ehtiyatlara dair saziş imzalayacağı, yeddinci bənddə isə Moskva ilə Vaşinqton arasında yeni münasibətlərin qurulması, o cümlədən Amerikanın bütün sanksiyalarının götürülməsi və iki ölkə arasında enerji sektorunda əməkdaşlığa başlanılması imkanları nəzərdə tutulur.
Məlumata görə, plana Zaporojye atom elektrik stansiyasının ABŞ-nin nəzarətinə verilməsi təklifi də daxildir.
Qeyd olunub ki, ABŞ-nin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Londonda keçiriləcək görüş zamanı bu planı Ukrayna tərəfinə təqdim edəcək, bundan sonra ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkov təklifi Rusiya rəhbərliyinə təqdim etmək üçün Moskvaya gedəcək.
Qəzetin yazdığına görə, bunun müqabilində Ukrayna Avropadan etibarlı təhlükəsizlik zəmanəti və Xarkov vilayətinin bir hissəsinin qaytarılmasını istəyəcək.
Daşqın Həsənov
Missiya.Az