AZ   |   RU
Dünyada əlilliyi olan 1 milyard insan var

BMT Baş katibi Antonio Quterreş Beynəlxalq Əlilliyi olan İnsanlar Günü münasibətilə müraciət edib.

Missiya.Az xəbər verir ki, müraciətdə deyilir:

"Əlilliyi olan insanların hüquqlarını, fəaliyyət və liderlik imkanlarını təmin etmək hər birimizin gələcəyinə müsbət təsir göstərəcək.

Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün hər kəsə, əlilliyi olan insanlara da ehtiyacımız var. Bütün dünyada əlilliyi olanlar insanlar və onları təmsil edən təşkilatlar fəaliyyətlərini “Bizə aid olan işlər bizsiz görülə bilməz” çağırışı əsasında qururlar.

Dünyada əlilliyi olan 1 milyard insanın üzləşdiyi bərabərsizliklər və maneələr COVID-19 dövründə daha qabarıq şəkildə özünü göstərib. Pandemiyanın ən çox mənfi təsir göstərdiyi qruplardan biri də onlardır.

Əlilliyi olan insanları da ehtiva edən pandemiyaya cavab tədbirləri və bərpa prosesinə elə məhz bu insanlar rəhbərlik etməlidir. Tərəfdaşlıqlar təsis etmək, ədalətsizlik və ayrı-seçkiliklə mübarizə aparmaq, texnologiyaya çıxış imkanlarını artırmaq, eləcə də daha inklüziv, əlçatan və dayanıqlı dünya qurmaq uğrunda çalışan təşkilatlara dəstək olmaq lazımdır.

Bütün ölkələri “Əlilliyi olan insanların hüquqları haqqında” Konvensiyanı icra etməyə, əlilliyi olan insanlar və onları təmsil edən təşkilatların fəal iştirakı ilə əlçatımlılıq imkanlarını genişləndirməyə, hüquqi, sosial, habelə iqtisadi maneələri aradan qaldırmağa çağırıram.

Gəlin, Beynəlxalq Əlilliyi olan İnsanlar Günündə heç kimi diqqətdən kənar qoymamaqla hər kəs üçün dayanıqlı, inklüziv və ədalətli gələcək qurmaq öhdəliyi götürək".

  • 3-12-2021, 10:56