
22 aprel - Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi, Qarabağ futbol klubunun futbolçusu və keçmiş baş məşqçisi Allahverdi Bağırovun doğum günüdür.
Missiya.Az xatırladır ki, Allahverdi Bağırov 1946-cı ildə Ağdamda anadan olub. Kiçik yaşlarından idmana, xüsusən də futbola, yüngül atletika və voleybola böyük həvəsi olub. Məktəb illərində və sonrakı vaxtlarda idmanın müxtəlif növlərində keçirilən yarışlarda Ağdamın qələbə qazanmasında rol oynayıb. O, həm də, Ağdamın "Qarabağ" futbol klubunun şərəfini qoruyub. 1970-ci ildə Füzulidə "Qızıl sünbül" kubokunda "Ağdam" — "Cəbrayıl" oynunda, "Ağdam" klubunun kapitanı olub. 1976-cı ildə klubun baş məşqçisi təyin edilib və həmin ildə keçirilmiş Ümümittifaq birinciliyində Azərbaycanın dördüncü yer tutmasında böyük səyi olub.
1988-ci ildə Qarabağda ilk erməni aksiyaları başlayanda azərbaycanlıların təşkilatlanmasında Bağırov qardaşları böyük xidmətlər göstəriblər. Sonrakı illərdə Allahverdi Bağırov digər vətənpərvər insanlarla birlikdə Ağdamda ilk müdafiə dəstələrini yaradıb. Həmin vaxt ilk dəfə yerli əhalinin təşəbbüsü ilə Əsgəranla Ağdam arasında keşikçi postu qurulub və Allahverdi Bağırovun qardaşı Eldar könüllü olaraq bu posta keşik çəkməyə gedib.
Daha sonra bu cür özünümüdafiə postları ermənilərlə həmsərhəd digər kəndlərdə də, 1991-ci il oktyabrın 1-də Azərbaycan ordusunun ilk hərbi birləşmələrindən biri - 845 nömrəli Ağdam Ərazi Özünümüdafiə taboru yaradılıb. Bu taborun yaradıcıları Eldar və Allahverdi Bağırov qardaşları idi. Eldar Bağırovun komandiri olduğu və 760 döyüşçüsü olan tabora "Vətən oğulları" adı verilib. Lakin 1991-ci ildə E.Bağırov Bakıda olan Ali Sovetin iclasından qayıdarkən yaşadığı evin qarşısında müəmmalı şəkildə qətlə yetirilib. Bundan sonra tabora Allahverdi Bağırov komandanlıq etməyə başlayıb. 1992-ci ilin yanvarında Allahverdi Bağırovun komandirlik etdiyi tabor Naxçıvanlı kəndində uğurlu hücum əməliyyatı keçirib. Onun komandanlığı altında 150 nəfər döyüşçü hücuma keçərək Əsgəran qalasına qədər irəliləyib, işğalçıların bütün canlı qüvvə və texnikasını məhv edib. Bu əməliyyat nəticəsində Pircamal kəndindəki bütün yüksəkliklər nəzarətə götürülüb, Kətük kəndi ilə üzbəüz müdafiə mövqeyi qurulub. Cəmisi iki saat çəkən hücum əməliyyatı zamanı Allahverdi Bağırov özü döyüşçülərin önündə olub. Sözügedən əməliyyatdan sonra Allahverdi Bağırov "General Məhəmməd Əsədov" adına mükafata layiq görülüb. 1992-ci il fevralın 26-da Xocalı hadisəsi baş verəndə Allahverdi Bağırovun taboru Xocalıdan qaçan əhalini xilas etmək üçün Qaraqaya istiqamətində hücuma keçib. Bu hücum nəticəsində yüzlərlə insan xilas edilərək Ağdama gətirilib. Bağırovun erməni tərəfi, konkret olaraq Əsgəran batalyonunun komandiri, erməni polkovnik Vitali Balasyanla danışıqlardan sonra üç gün ərzində 1003 Xocalı sakini əsirlikdən azad edilib. Həmçinin bu danışıqlar nəticəsində 700 azərbaycanlının cəsədi geri alınıb. Məhz Allahverdi Bağırovun Vitali Balasyanla apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı hadisələrinin görüntülərini lentə alması mümkün olub. O, erməni əsirləri avtobusla gətirib sahiblərinə təhvil verib, qarşılığında alınan azərbaycanlı əsirləri və cəsədləri Ağdama gətirib.
Allahverdi Bağırovun sonuncu ən böyük əməliyyatı 1992-ci il iyunun 12-də baş tutub. Bağırovun komandanlığı altında hücuma keçən Azərbaycan ordusu Aranzəmin, Naxçıvanlı, Dehraz, Təkir, Mirikənd kəndlərini düşməndən təmizləyərək Əsgəran qalasına qədər irəliləyib. Pircamal kəndindəki bütün yüksəkliklər nəzarətə götürülüb, Kətük kəndi ilə üzbəüz mövqe qurulub. Aranzəmin kəndində gedən döyüşlərdə 100 erməni məhv edilib, düşmənin 10 döyüşçüsü əsir götürülüb. Bu əməliyyatdan iki gün sonra iyunun 14-də təcili iş üçün geri, Ağdama çağırılan Allahverdi Bağırovun olduğu maşın Naxçıvanlıdan geri qayıdarkən minaya düşüb. 46 yaşlı Allahverdi Bağırov sürücüsü və Nizami adlı həkimlə birlikdə şəhid olub. A.Bağırovun Bakıda Şəhidlər Xiyabanında dəfni planlaşdırılsa da, sonradan Ağdamda qardaşı Eldarın yanında dəfn olunub. O, ölümündən sonra 24 fevral 1993-cü ildə "Azərbaycanın Milli Qəhrəmanı" adı və "Qızıl ulduz" medalına layiq görülüb.
Zərintac Mayisqızı
Missiya.Az