AZ   |   RU
Slovakiyanın Baş naziri: Mayın 9-da Moskvaya gedəcəyəm – heç kim mənə əmr verə bilməz


Slovakiyanın Baş naziri Robert Fitso bəyan edib ki, Avropa İttifaqının diplomatik xidmət rəhbəri Kaya Kallasın xəbərdarlıqlarına baxmayaraq, 9 may – Qələbə Gününün 80 illiyi münasibətilə Moskvada keçiriləcək mərasimlərdə iştirak edəcək. 



Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Fitso öz "Faceebok" hesabında yazıb. “Xanım Kallasın xəbərdarlığı və hədəsi hörmətsizlikdir və mən buna etiraz edirəm”, – deyə Fitso öz bəyanatında bildirib. 


“Mən 9 mayda Moskvaya gedəcəyəm. Bu xəbərdarlıq şantajdır, yoxsa qayıtdıqdan sonra cəzalandırılacağımın anonsudur? Bilmirəm. Amma bir şeyi bilirəm – hazırda 2025-ci ildir, 1939-cu il yox”.


Fitso bildirib ki, Kallasın bəyanatı Aİ-də demokratiyanın mahiyyəti ilə bağlı ciddi müzakirələrin zəruriliyini göstərir: “Xanım Kallas, sizə bildirmək istərdim ki, mən Slovakiyanın – suveren bir dövlətin qanuni baş naziriyəm. Heç kim mənə haraya gedə biləcəyimi və ya bilməyəcəyimi əmr edə bilməz”. 


Baş nazir əlavə edib ki, Moskvaya getməkdə məqsədi Slovakiyanı azad edərkən həlak olmuş minlərlə Qızıl Ordu əsgərinin xatirəsini ehtiramla yad etməkdir.



  • Dünən, 21:27