Ermənistan hakimiyyəti Zəngəzur vilayətində baş nazir Nikol Paşinyanın siyasi xəttinə qarşı çıxan bütün məmurları həbs etdirir.
Missiya.Az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb.
Qəzet yazır ki, Zəngəzurda Nikol Paşinyanın siyasətinə qarşı çıxan Ermənistan parlamentində “Respublika” fraksiyasının keçmiş rəhbəri Vahram Bağdasaryan, rəssam Aşot Avaqyan və Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan barəsində cinayət işi açılsa da, heç bir istintaq aparılmır. Amma rəsmi mənbələrdə onlara cinayət işinin hakimiyyətin siyasətinə qarşı çıxdıqları üçün deyil, qanunsuz silah saxladıqları, əldə etdikləri üçün açıldığı qeyd olunur.
“Sisakan” silahlı dəstəsinin komandiri, Qarabağın işğalında qolu olan Aşot Minasyanın həbs edilməsi isə erməni cəmiyyətində ciddi rezonanas doğurub. Ötən gün həbs olunan Minasyan hakimiyyəti qəsb etməkdə və dövlət xadimini (söhbət Nikol Paşinyandan gedir) öldürməyə hazırlaşmaqda, habelə qanunsuz silah-sursat əldə etməkdə və saxlamaqda ittiham olunur. Minasyan isə səsləndirilən ittihamları qəbul etmir. Aşot Minasyan Qarabağ müharibəsində azərbaycanlılara qarşı xüsusi qəddarlığı ilə seçildiyi üçün daşnak ermənilər arasında xüsusi ad çıxarmışdı. O, vaxtilə Azərbaycan ərazilərinin işğal edilməsində yaxından iştirak edib.
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 26 noyabrda keçirilən Soçi görüşündə regionda kommunikasiyaların bərpası və sərhədlərin delimitasiyası ilə bağlı qərar qəbul olunub. Yaxın günlərdə Soçi görüşündə əldə olunmuş razılaşmanın geniş təfərrüatı və imzalanacaq sənədlər barədə ictimaiyyətə məlumat veriləcəyi bildirilir. Ermənistan mətbuatı yazır ki, Nikol Paşinyan onun Zəngəzurla bağlı siyasətini tənqid edənləri, dəhlizə qarşı çıxanları həbs etdirir ki, Soçi görüşünün nəticələri tam açıqlananda ona müqavimət göstərən olmasın. ElvinMissiya.Az