
Azərbaycanın dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbətinin 2026-cı ildə 2,2 %, 2029-cu ildə isə 1,3 % olacağı proqnozlaşdırılır.
Missiya.Az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2025-2029-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilir.
Sənədə əsasən, 2026-cı ildə dövlət büdcəsi kəsirinin yuxarı həddi 2 milyard 978,7 milyon manat təşkil edəcək. Sonrakı illərdə bu rəqəmin tədricən azalaraq 2027-ci ildə 2 milyard 759,9 milyon manat, 2028-ci ildə 2 milyard 544,1 milyon manat və 2029-cu ildə 2 milyard 143,9 milyon manat olacağı gözlənilir.
Əvvəlki illərdə olduğu kimi, dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi özəlləşdirmədən daxilolmalar, daxili və xarici borclanma, eləcə də vahid xəzinə hesabının qalığı hesabına həyata keçiriləcək.
Sənəddə qeyd olunur ki, prioritet sahələr üzrə layihələrin maliyyələşdirilməsi məqsədilə beynəlxalq maliyyə institutlarından xarici borcların cəlb olunması üçün müvafiq prosedurlara artıq başlanılıb. Bu da gələcəkdə kəsirin maliyyələşdirilməsində xarici borclanmanın payının artmasına səbəb olacaq.
Maliyyə Nazirliyi bildirir ki, yeni makro-fiskal çərçivəyə əsasən, daxili və xarici borclanma təsdiq olunmuş limitlər daxilində həyata keçiriləcək. Bu çərçivədə dövlət qiymətli kağızları və istiqrazların emissiyası yolu ilə daxili maliyyə bazarının inkişafına xüsusi önəm veriləcək.
Bundan əlavə, 2026-cı ildə 4 milyard 171,2 milyon manat məbləğində proqnozlaşdırılan icmal büdcə kəsirinin 2029-cu ildə 1 milyard 119,2 milyonmanata qədər azalacağı gözlənilir.