
Düzgün qidalanma sağlamlığın əsas şərtlərindən biridir. “Sağlam bədəndə sağlam ruh olar” deyib atalarımız… Lakin elə qida məhsulları var ki, onlar orqanizmimiz üçün təhlükə mənbəyidir. Bunlara işlənmiş, hisə verilmiş, konservləşdirilmiş məhsullar daxildir. Onlar isə əvvəlcədən emal edilmiş və ya hazırlanmış qidalar sayılır. Həmin məhsulların hazırlanma üsulundan tutmuş tərkibindəki süni qatqılara qədər hamısı xəstəlik carçısıdır.

Qida eksperti Fərid Səfərov Missiya.Az-a açıqlamasında deyib ki, emal edilmiş qidalar adətən duzlama, qurutma, fermentasiya, hisə verilmə, konservləşdirmə, vakuum qablaşdırma və ya digər üsullarla istifadə olunur:
“Kolbasa, sosiska, vetçina, hisə verilmiş balıq və toyuq məhsulları, hisə verilmiş pendir, hisə verilmiş içkilər, çay və s. qidalar insan sağlamlığı üçün təhlükəli hesab edilir. Bu üsulla qidanın daha uzun müddət qalmasını təmin edirlər, habelə müxtəlif ədviyyatlar və konservantlar, dadlandırıcı və rəngləndiricilər qatılır. İşlənmiş qidanın istehlakı bəzi sağlamlıq problemlərini ortaya çıxarır. Xərçəng riski, ürək xəstəlikləri, yüksək qan təzyiqi, diabet, piylənmə, bağırsaq sağlamlığının pozulması, vitamin və mineralların çatışmazlığı və s. Yaxşı olar ki, belə hazır, hisə verilmiş, konservləşdirilmiş qidalardan istifadə etməyin. Əgər yenə də alırsınızsa, mütləq qidanın etiketini diqqətlə oxuyun, istehsal tarixinə, son istifadə müddətinə baxın”.

Zərintac Mayisqızı
Missiya.Az