
Kibercinayətkarlıq, dövrümüzün artan, inkişaf edən bəlası... Bəli, bu məsələ ilə bağlı müvafiq qurumlar dəfələrlə xəbərdarlıq edir, mübarizə aparırır və mediada insanların məlumatlandırılması üçün materiallar hazırlanır. Lakin dələduzlar da öz metodlarını yeniləyirlər və xeyli sayda şəxsi öz torlarına sala bilirlər.
Təəssüflər olsun ki, son günlərdə isə insanların bank kartı hesablarının oğurlanması geniş yayılıb.
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı Elbrus İbrahimov Missiya.Az-a açıqlamasında deyib ki, bank kartı istifadəçilərinə şübhəli zənglər edən, mesajlar yazan şəxslər həmin bankların adından hərəkət edirlər:
“Xarici nömrə ilə əvvəlcədən hazırlanan ssenarilərə əsasən cinayətkarlar vaxtın qalmaması üçün tələsik, kritik suallar verib, təşviş həyəcan yaradırlar. “Hesabda itki riski yaranıb”, “Kartınıza müdaxilə var” kimi ifadələr işlədərək özünü bank əməkdaşı kimi təqdim edirlər. Belə vəziyyətlərdə bank kart sahibi heç bir halda şəxsi məlumatları naməlum şəxsə verməməlidir. Kart sahibi bilməlidir ki, kartın üzərində olan 16 rəqəmi , CVV nömrəsini, bankınızın sizə göndərdiyi OTP və ya 3D təhlükəsizlik kodları istənilirsə dələduzluqdur. Onlar cinayətkar niyyətlərini xaricdən həyata keçirməklə oğurlanan pulu saxta hesablara köçürüb izlərini itirirlər”.

DİN əməkdaşı bir daha diqqətə çatdırır ki, bu və ya digər hallarla bağlı vətəndaşlar özünü bank əməkdaşı kimi təqdim edərək zəng edən, sosial media üzərindən mesajlar göndərən naməlum şəxslərlə danışıq aparmamalıdır:
“Yenə təkrar edirəm ki, insanlar bank kartı məlumatlarını verməməlidir. Gələn zəngi və ya mesajı yoxlamaq istəyirsinizsə ona cavab vermək üçün yox, sadəcə kartdakı nömrədən istifadə edərək banka zəng edin. Unutmayın ki, sizin kart məlumatlarınız kartınızın mənsub olduğu bankda var və bu məlumatlar təkrar soruşulmur”.
Zərintac Mayisqızı
Missiya.Az