ABŞ və Rusiya Prezidentləri Donald Tramp və Vladimir Putinin 3 saat davam edən telefon danışığının detalları məlum olub.
Missiya.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu haqda Kreml bəyanat yayıb.
Söhbət zamanı Donald Tramp münaqişə tərəflərinə 30 gün ərzində enerji infrastrukturu obyektlərinə hücumlardan qarşılıqlı imtina təklifi irəli sürüb. Vladimir Putin bu təşəbbüsə müsbət cavab verib və hərbçilərinə bununla bağlı tapşırıq verib.
Putin, həmçinin, Trampın Qara dənizdə təhlükəsizliklə bağlı məlum təşəbbüsü həyata keçirmək fikrinə də konstruktiv reaksiya verib. Belə bir sazişin konkret detallarının daha da işlənib hazırlanması üçün danışıqlara başlamaq razılaşdırılıb.
Vladimir Putin bildirib ki, martın 19-da Rusiya və Ukrayna tərəfləri arasında 175 məhbusun 175-ə dəyişdirilməsi həyata keçiriləcək. Bundan əlavə, Rusiyanın tibb müəssisələrində müalicə alan 23 ağır yaralı ukraynalı hərbçi köçürüləcək.
Liderlər ikitərəfli qaydada, o cümlədən ABŞ Prezidentinin yuxarıda qeyd olunan təkliflərini nəzərə alaraq, Ukrayna nizamlanmasına nail olmaq üçün səyləri davam etdirmək niyyətlərini təsdiqləyiblər. Bu məqsədlə Rusiya və ABŞ ekspert qrupları yaradılacağı açıqlanıb.
Liderlər beynəlxalq gündəmdəki digər məsələlərə, o cümlədən Yaxın Şərq və Qırmızı dəniz regionunda vəziyyətə də toxunublar. Böhran nöqtələrində vəziyyətin sabitləşdirilməsi, nüvə silahının yayılmaması və qlobal təhlükəsizlik məsələlərində əməkdaşlığın qurulması üçün birgə səylər göstəriləcək.
Münaqişənin sülh yolu ilə həllinə prinsipial sadiqliyini təsdiqləyən Putin amerikalı tərəfdaşları ilə birlikdə hərtərəfli, davamlı və uzunmüddətli olmalı olan mümkün həll yollarını diqqətlə öyrənməyə hazır olduğunu bəyan edib.
ABŞ Prezidentinin Rusiya tərəfində 30 günlük atəşkəs tətbiq etmək təşəbbüsü kontekstində bütün döyüş təmas xətti boyunca mümkün atəşkəsə effektiv nəzarətin təmin edilməsi, Ukraynada məcburi səfərbərliyin dayandırılması zərurəti və Ukrayna Silahlı Qüvvələrinin yenidən silahlanması ilə bağlı bir sıra mühüm məqamlar müəyyən edilib.
Liderlər Kiyevin əldə olunmuş razılaşmaları dəfələrlə pozduğunu da qeyd ediblər:
“Prezidentlər Ukrayna ordusunun Kurskda mülki əhaliyə qarşı terror xarakterli hücumlar təşkil etdiyini bildiriblər” - məlumatda qeyd olunur.
Vurğulanıb ki, münaqişənin genişlənməsinin qarşısının alınması və onun siyasi və diplomatik yollarla həllinə çalışmağın əsas şərti xarici hərbi yardımın tamamilə dayandırılmasıdır.
Prezidentlər qaldırılan bütün məsələlərlə bağlı əlaqə saxlamaq barədə razılığa gəliblər.