Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutunda “Bizi birləşdirən Novruz” adlı Beynəlxalq Elmi Konfrans və bayram əhval-ruhiyyəli elmi-bədii tədbir keçirilib.
Missiya.Az xəbər verir ki, tədbir başlamazdan əvvəl iştirakçılar türk xalqlarının milli adət-ənənələrini özündə əks etdirən sərgilərlə tanış olub, el sənətkarlarının əl işlərinə baxıblar.
Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək qeyd edib ki, Novruz bayramı xalqımızın zəngin mədəniyyətinin, dərin köklərə malik milli-mənəvi dəyərlərinin, mehribanlıq və qonaqpərvərlik ənənələrinin təcəssümüdür. Azərbaycan xalqı Novruzu hər zaman xüsusi təmtəraqla, ürəklərdə sevgi və xoş niyyətlərlə qeyd edir, bu bayramı əsrlər boyu milli kimliyin ayrılmaz hissəsi kimi qoruyub saxlayır.
AMEA-nın Tarix və Etnologiya İnstitutunun Türk Xalqlarının Etnologiyası şöbəsinin müdiri, Türk Ağsaqqalları İctimai Birliyi Qadınlar Şursının sədri, tarix elmləri doktoru, türkoloq Güllü Yoloğlu vurğulayıb ki, Prezident İlham Əliyev həm Ümummilli Lider Heydər Əliyevin arzularını, həm də öz vədini reallığa çevirib. Belə ki, Ali Baş Komadan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı zəfər sayəsində hazırda Novruz bayramı işğaldan azad olunan rayonlarda da keçirilir. Artıq 4-cü ildir ki, Prezident İlham Əliyev bu bayramı işğaldan azad olunmuş rayonlarda keçirir. Güllü Yoloğlu Novruzun tarixindən, adətlərindən, nümayiş olunan oyunlar, tamaşalar, səsləndirilən nəğmələr, eləcə də inanc və mərasimlərdən söhbət açıb.
Azərbaycanlı alimlərlə yanaşı Qaqauz , Qazaxıstan, İran və digər ölkələrin elm adamları da mövzu ilə bağlı öz fikirlərini bölüşüblər, Qeyd olunub ki, Novruz birlik, həmrəylik nişanəsi olduğu üçün həmin bayramı keçirən xalqların bir-biriləri ilə əlaqələri daha da möhkəm olmalıdır.
Zərintac Mayisqızı
Missiya.Az