AZ   |   RU
12 martda bu tarixi şəxslərimiz xatırlanır


12 mart - həm Azərbaycan şairi, dramaturq, tərcüməçi, ictimai xadim Süleyman Rüstəm, həm də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi Cabir Novruzun doğum günüdür.

Missiya.Az
ədəbiyyatımızın hər iki görkəmli nümayəndəsi ilə bağlı məlumatı təqdim edir:

1. Süleyman Rüstəm 1906-cı ilin bu günü Bakının Novxanı kəndində dünyaya gəlib. Yaradıcılığında siyasi lirika və sevgi şeirləri mühüm yer tutur. Heca və əruz vəznlərində yazıb. Ən sevilən əsərlərindən biri "Təbrizim" əsəridir. Ədəbi fəaliyyətə 20-ci illərin əvvəllərində başlayıb, 1922-ci ildə "Çimnaz xanım yuxudadır" birpərdəli komediyasını yazıb. "Unudulmuş gənc" adlı ilk mətbu şeiri 1923 ildə "Maarif və mədəniyyət" (indiki "Azərbaycan") jurnalında dərc olunub. "Ələmdən nəşəyə" adlı ilk şeir kitabı 1927-ci ildə nəşr edilib. Sosializm ideyalarını, inqilabi əhvali-ruhiyyəni ədəbiyyata gətirmək, poeziyanı gündəlik ictimai-siyasi hadisələrin inikasına çevirmək bu kitabın başlıca xüsusiyyətləri idi. "Addımlar" (1930), "Səs", "Atəş" (1932) şeir kitabları S.Rüstəmin siyasi lirik şair kimi formalaşmasının göstəricisi idi. İkinci Dünya müharibəsi illərində o, xalqın qəhrəmanlıq mübarizəsini tərənnüm edən əsərlər ərsəyə gətirib. "İldırım" (1942), "Qafurun qəlbi" (1959), "Əzizlərdən əzizlərə" (1965) və s. Müharibə dövrü yaradıcılığında Cənubi Azərbaycan mövzusu xüsusi yer tutub: "Təbriz şeirləri silsiləsi", "İki sahil" kitabı (1949).

İctimai xadim 1989-cu il iyunun 10-da Bakıda vəfat edib.

2. Cabir Novruz 1933-cü il mart ayının 12-də Xızı rayonunun Upa kəndində anadan olub. Xalq şairinin poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən o yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şeirləri ilə oxucuların dərin məhəbbətini qazanıb. Cabir Novruzun da ictimai fəaliyyəti zəngin olub. O, həyatının bütün mərhələlərində Azərbaycanda gedən ictimai-siyasi proseslərdə həmişə fəal iştirak edib, xalqımızın həyatında baş verən təleyüklü hadisələrə düzgün qiymət verməsində əsl vətəndaşlıq mövqeyi göstərib. Şeirlərinə: “Yoldaş ölüm”, "Sağlığında qiymət verin insanlara" və s. misal göstərmək olar.

Şair 2002-ci il dekabrın 12-də ömrünün 69-cu ilində Bakı şəhərində dünyasını dəyişib.



Zərintac Mayisqızı
Missiya.Az



  • Bu gün, 10:03