Deməli, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçidə baş tutacaq görüşündə kommunikasiya xətlərinin açılması, demarkasiya və delimitasiya ilə bağlı birgə komissiyanın yaradılması, anklavların qaytarılması, Brüssel görüşündə isə humanitar məsələlərin həyata keçirilməsi müzakirə olunacaq. 1. Ermənistan sərhədlərimizi, ərazi bütövlüyümüzü tanıyacağını ifadə edə bilər ki, bu, onların məntiqinə görə, Qarabağ istisna olmaqla (?) reallaşmalıdır. Təbii ki, bu yanaşma qəbuledilməzdir və Azərbaycan üçün qırmızı xətdir.
2. Ermənistan kommunikasiyaların açılması məsələsində Zəngəzur dəhlizi məsələsinin yer almayacağını təkidlə bildirir. 10 Noyabr razılaşmasında dəhliz ifadəsi yer almasa da, yolun Rusiya FTX tərəfindən qorunacağı bildirilirdi. Bu o deməkdir ki, Ermənistan Rusiyanın bu iştirakından imtina edir və razılaşma şərtlərini pozur. Hər bir halda kommunikasiyaların açılması məsələsində Zəngəzur dəhlizinin yer almaması Azərbaycan və ilkin şərtlər irəli sürmüş Türkiyə üçün qəbuledilməzdir!
3. Anklavların qaytarılması məsələsini şərh edən Paşinyan konkret cavab verməkdən yayınıb. Kolxozların mübadiləsi və s. kimi absurd ifadələr səsləndirib. Bu o deməkdir ki, Ermənistan ərazi bütövlüyü (Qarabağla yanaşı) məsələsində də razılaşma şərtlərini pozur və pozacaq. 4. Komissiya yaradılsa belə toqquşmalar yenə baş verəcək. Bu, artıq aparılan demarkasiya prosesinin hüquqi müstəviyə - delimitasiya prosesinə keçid üçün yaradılır. Lakin erməni tərəfi bu məsələ də, sözsüz ki, razılaşmaları tam yerinə yetirməkdən imtina edəcək. Anklavların verilməsi ilə Gürcüstan və Kərki istiqamətindən İran yolundan istifadə məhdudiyyəti baş verəcək ki, nəticədə bu prosesdən də yayınma cəhdləri olacaq. Bu isə komissiyanın işini pozacaq.
5. Humanitar məsələlər tam həllini tapmayacaq, mina xəritələrinin tam qaytarılması fonunda erməni tərəfi bütün diversantları tələb edir ki, bu da qəbuledilməzdir. Habelə diversantların qaytarılması prosesi digər məsələlərlə də bağlı müzakirə olunduğundan kartların hamısı masaya qoyulmayacaq. Tərəflər qarşılıqlı şəkildə bir qisim humanitar addımlara gedəcək, lakin yenə deyirəm bu proses tam baş tutmayacaq.
6. Bütün bunlara baxmayaraq yeni bəyannamələr imzalana bilər və bu ehtimallar böyükdür. Ermənistan bu prosesdən birmənalı şəkildə qaçan tərəfdir. Azərbaycan isə ərazi bütövlüyümüzün tanınmasına dair hazırlanan sənəddə Qarabağla bağlı xüsusi vurğunun edilməsinə çalışır. Məsələn, 10 Noyabr razılaşmasında rus qoşunlarının daxil olmasına paralel olaraq erməni qoşunlarının çıxarılmasında (tam çıxarılma olmasa da, hüquqi müstəvidə qeyd "casus belli" hüququndan istifadəni şərtləndirir) olduğu kimi, bu razılaşmada da zəruri müddəanın olması vacibdir.
"Strategy Vision" Araşdırma Mərkəzi
Şahin Qocayev