AZ   |   RU
Sevinc Həsənova: “Gələn il Azərbaycanda qiymət artımı səngiyəcək”

“2022-ci ildə Azərbaycanda 2021-ci ildə olduğu kimi inflyasiya proqnozlaşdırılmır. Gələn il qiymət artımının səngiyəcəyi gözlənilir”.

Missiya.Az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Milli Məslisin bu gün keçirilən plenar iclasında - “2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin II oxunuşda müzakirəsində bildirib.

O, bu məsələ barədə millət vəkillərinin ölkədə qiymət artımının sürətlənməsi ilə bağlı narahatlıqlarına münasibət bildirərkən danışıb: “Süni qiymət artımı ilə bağlı məsələ qaldırıldı. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) verdiyi məlumata görə, bu il dünyada qiymətlər son 30 ildə ən yüksək səviyyəyə çatıb. Odur ki, ölkəyə idxal olunan məhsulların qiymətlərində artımlar olmalıdır”.

Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 105,7%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 106,7%, qeyri-ərzaq məhsulları üzrə 104,6%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105% təşkil edib.

  • 23-11-2021, 16:03