AZ   |   RU
Şikayət edən qaziyə göstərilmiş dəstəyin detalları məlum olub - FOTO

Sosial şəbəkələrdə Astara rayon sakini,  Vətən müharibəsi iştirakçısı, II qrup müharibə əlili Mərufov Şəhriyar Xanlar oğlunun maddi çətinliklə üzləşdiyi, üzündə plastik əməliyyata ehtiyacın yarandığı və evinin təmirə ehtiyacı olduğu barədə video yayılıb. 

Qazinin atası Xanlar Mərufov bildirib ki, evləri qəzalı vəziyyətdədir və oğlunun növbəti plastik əməliyyata ehtiyacı var. 

"Oğlumun plastik əməliyyata ehtiyacı var. Evimiz isə qəzalı vəziyyətdədir, demək olar ki, çökür. Yağış yağanda su evə dolur. Qaziyə köməkliyin olunmasını istəyirik".

Missiya.Az-ın əldə etdiyi məlumata görə, Vətən müharibəsi iştirakçısı, II qrup müharibə əlili Mərufov Şəhriyar Xanlar oğluna üzünün sağ nahiyəsi və sağ gözündən aldığı xəsarət və əlillik dərəcəsinə görə iki dəfə sığorta ödənişi olunub.

Astara rayon İcra Hakimiyyəti tərəfindən ailəsinə bir neçə dəfə maddi və ərzaq yardımı olunub. Həmçinin Şəhriyar Mərufovun müharibə qazisi kimi rayon İcra Hakmiyyətində ev növbəsinə götürülüb. YAŞAT Fondunun dəstəyi ilə Şəhriyar Mərufovun sağ üz nahiyəsi və gözü müayinə olunub, İsrailli həkim heyəti tərəfindən ona protez göz qoyulub, sağ üz nahiyəsi mümkün qədər bərpa olunub.

Sosial şəbəkədə yayılan videodakı ev vətəndaşın atasına məxsus köhnə tikilidir. Çəkiliş aparılan həyətdə vətəndaşın ailəsinə məxsus yeni ev tikilib və dam altına salınıb. Şəhriyar Mərufova mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə 30 iyun 2021-ci il tarixində YAŞAT Fondu Tərəfindən 10 000 manat maddi yardım olunub.


  • 23-11-2021, 12:43