“Rusiya Prezidenti Vladimir Putin dövlətimizin qərbyönlü inkişaf yolunun qarşısını almaq üçün Belarus, Gürcüstan və Çeçenistanda olduğu kimi Ukraynanın başına da öz kuklasını qoymağa çalışır”.
Missiya.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyadan olan jurnalist Piers Morqana müsahibəsi zamanı deyib.
“Aydındır ki, mən Rusiya üçün uyğun deyiləm, çünki onların burada öz kuklalarına ehtiyacı var. Onlara Ukraynaya rəhbərlik etmək üçün öz adamları lazımdır. İstəyirlər ki, Ukrayna heç vaxt Avropa yolunu seçməsin və həmişə Rusiya Federasiyasının çətiri altında olsun. Onların istəyi öz adamını bu ölkənin rəhbəri vəzifəsinə qoymaqdır. Onlar bunu Çeçenistanda, Gürcüstanda və Belarusda etdilər", - deyə siyasətçi vurğulayıb.
Zelenski xatırladıb ki, genişmiqyaslı işğaldan əvvəl o, dəfələrlə Putinlə danışıqlar aparmağa cəhd edib, lakin Kreml rəhbəri buna ehtiyac duymayıb, çünki onun əsl məqsədi Ukraynanı və onun müstəqilliyini məhv etmək olub.
“Biz atəşkəs barədə razılığa gələndən və onlar bunu pozandan sonra Putinlə bir neçə dəfə telefon zənglərimiz olub, sonra o, bir ildən çox yoxa çıxdı. Və bir il yoxa çıxandan sonra tam miqyaslı işğal başladı. Bütün bu müddət ərzində mən hamıya müraciət edirdim, çox istəyirdim ki, onunla danışım və müharibəni bitirək. O zaman isə Putin bəyan etdi ki, danışacaq bir şey yoxdur”, - deyə siyasətçi əlavə edib.
Zelenski Rusiyanın müharibənin bitməsini istəmədiyini qeyd edib:
“Onlar bu müharibənin bitməsini istəmirlər. Onlara Ukrayna lazım deyil, çünki bu, Rusiya ilə Ukrayna arasında müharibə deyil. Bu Rusiya ilə NATO arasında qlobal müharibədir, NATO isə ABŞ-dir. Rusiyanın ABŞ ilə danışmağa hazırıq bəyanatları cəfəngiyyatdır, onlar bu müharibəni bitirməmək üçün səbəblər axtaracaqlar. Çünki Putinin yeganə istəyi Ukraynanın mövcudluğunu yox etməkdir”, - deyə siyasətçi əlavə edib.
Zelenskinin sözlərinə görə, Putin bu cür hərəkətləri məğlubiyyət və zəiflik hesab edərək, Ukrayna ilə birbaşa danışıqlardan qorxur.
Daşqın Həsənov
Missiya.Az