AZ   |   RU
Bu gün Qara Qarayevin doğum günüdür

Azərbaycan bəstəkarı Qara Qarayev 1918-ci il fevralın 5-də Bakı şəhərində məşhur həkim-pediatr Əbülfəz Qarayevin ailəsində doğulub.

Missiya.Az
xəbər verir ki, o yaradıcılığında Nizami Gəncəvi, Səməd Vurğun, Rəsul Rza poeziyasıyla bərabər, Uilyam Şekspir, Aleksandr Puşkin və Ömər Xəyyam, Mixail Lermontov və Lope de Veqa obrazlarına müraciət edib, müasirləri olan Nazim Hikmət, Lenqston Hyuz, Vsevolod Vişnevski, Piter Abrahams kimi XX əsr sənətkarlarının əsərlərindən ilhamlanıb.

1938-ci ildə ilk böyük əsərini xor, simfonik orkestr və rəqs ansamblı üçün Rəsul Rzanın sözlərinə "Könül mahnısı" kantatasını bəstələyib. Həmin ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyünün iştirakçısı olub. 1941-ci ildə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri vəzifəsində işləyib. 1943-cü ildə birinci simfoniyanı yazıb. 1944-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyəti sədrinin müavini olub. 1946-cı ildə P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasında Dmitri Şostakoviçin bəstəkarlıq sinfini bitirib. Dmitri Şostakoviç məktəbinin ən parlaq nümayəndələrindən biri olan Qarayev 1946-cı ildə Moskva konservatoriyasında dahi bəstəkarın kompozisiya sinfini bitirib. O, hələ bundan xeyli əvvəl Azərbaycan xalqının musiqi yaradıcılığına dərindən yiyələnib. Bakı konservatoriyasında təhsil aldığı illərdə Azərbaycanın ilk peşəkar bəstəkarı Üzeyir Hacıbəyli onu milli folklorun, aşıq və muğam sənətinin incəlikləri ilə tanış edib. Böyük Vətən müharibəsinin başlaması ilə əlaqədar təhsilini yarımçıq qoyaraq Bakıya qayıdıb və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər işləyib. Müharibədən sonra Moskvada yarımçıq qoyduğu təhsilini başa vuraraq Azərbaycan Dövlət Konservatoriyasında müəllim işləməyə başlayıb. Həmin il Cövdət Hacıyevlə birlikdə yazdığı “Vətən” operasına görə SSRİ Dövlət mükafatına layiq görülüb. 1948–ci ildə “Leyli və Məcnun” simfonik poeması isə ona Azərbaycan Dövlət mükafatını qazandırıb. Dahi sənətkar 1949-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının direktoru təyin olunub, 1952–ci ildə isə Azərbaycan Bəstəkarlar İttifaqı idarə heyətinin sədri seçılıb. 1955-1976-cı illərdə IV-IX çağırış SSRİ Ali Sovetlərinin deputatı olub, 1959–cu ildə SSRİ xalq artisti adını alıb və Azərbaycan Elmlər Akademiyasının akademiki seçilib. 1978-ci ildə ona Sosialist Əməyi Qəhrəmanı adı verilib.


Qara Qarayev Azərbaycan musiqisi üçün yeni olan müzikl janrına da müraciət edib. Fransız dramaturqu E.Rostanın “Sirano de Brejerak” komediyası əsasında “Çılğın qaskoniyalı” müziklini yazıb. Kinonu xarakter etibarı ilə “böyük müasir bəstəkarlıq məktəbi” adlandıran Qarayev, bu janrda da məhsuldar işləyib, klassikaya çevrilən sənət nümunələri yaradıb. “Leyli və Məcnun”, “Tarixin ibrət dərsi”, “Uzaq sahillərdə”, “Bir məhəlləli iki oğlan”, “Dənizi fəth edənlər”, “Qızıl eşelon”, “Xəzər neftçiləri haqqında povest” və digər kinofilmlərə, “Nikbin faciə”, “Antonio və Kleopatra” tamaşalarına yazdığı musiqilər onun yaradıcılığının parlaq səhifələrindəndir.


1982-ci il mayın 13-də Moskva şəhərində vəfat edib, Bakıda Fəxri Xiyabanda dəfn olunub. 



Zərintac Mayisqızı
Missiya.Az




  • Bu gün, 09:54