Bu gün Azərbaycan Ordusunun həyata keçirdiyi, lakin uğursuzluqla nəticələnən Daşaltı əməliyyatından 33 il ötür.
Missiya.Az xatırladır ki, əməliyyat Şuşanın Daşaltı kəndinin erməni işğalından azad olunması məqsədilə aparılıb və 1992-ci il yanvarın 25-i axşamdan 26-sı axşama qədər davam edib.
Əməliyyatın keçirilməsi üçün Şıxov taborundan 200 nəfər ayrılıb. Yanvarın 25-dən 26-na keçən gecə başlanan əməliyyata sabiq müdafiə naziri Tacəddin Mehdiyev rəhbərlik edib. Əməliyyatın birinci planı taqımın Nəbilər kəndi vasitəsilə keçərək Qızılqaya hündürlüyünə qalxaraq, oradan Daşaltıdan Sığnaxa aparan yolu kəsmək, ikinci plan Daşaltıdan Şuşakəndə aparan yolu kəsmək olub. Əməliyyat zamanı hava şəraitinin sərtliyi, hərbi əlaqənin pis təşkil edilməsi, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti uğursuzluğa səbəb olub.
Daşaltıya daxil olan tagım ermənilərin pusqusuna düşüb. Digər tağımlar da itki verərək geri çəkiliblər. Azərbaycan Ordusu uğursuz əməliyyatda 100-ə yaxın itki verib, Müdafiə Nazirliyinin Kəşfiyyat Bölüyünün rəis müavini olan polkovnik-leytenant Riad Əhmədov isə itkin düşüb. Onun taleyindən bu günədək heç bir məlumat yoxdur. Ermənilər də xeyli itki verib, əməliyyat zamanı düşmənin 80 döyüşçüsü məhv edilib.
Qeyd edək ki, 2020-ci ilin noyabrın 9-da Şanlı Azərbaycan Ordusu 1991-ci ildən etibarən erməni silahlı dəstələrinin nəzarəti altında olan Daşaltı kəndini işğaldan azad edib. Bununla da 28 ildən sonra "Daşaltı əməliyyatı"nın qisası alınıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Daşaltı kəndinin yenidən qurulması ilə bağlı görüləcək işlərlə tanış olub, burada özəl investisiya hesabına inşa ediləcək yeni yaşayış kompleksinin və turizm obyektlərinin təməlini qoyub. Eyni zamanda, Prezident İlham Əliyev Daşaltı kənd məscidində tikinti işlərinin gedişi ilə tanış olub.
Daşaltı kəndində kütləvi məzarlıqlar da aşkarlanıb.