Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Qarakənd faciəsi şəhidi Fəxrəddin Şahbazovun doğum günüdür.
Missiya.Az xəbər verir ki, o, 22 yanvar, 1950-ci ildə Bakı şəhərində dünyaya gəlib.
1957–1967-ci illərdə Bakı şəhərindəki 20 saylı orta məktəbdə təhsil alıb. 1969-cu ildə hərbi xidmətə çağırılıb və 1971-ci ildə ordudan tərxis edilib. Fəxrəddin 1972-ci ildən Azərbaycan Teleradio Şirkətində işə başlayıb və 20 il burada fasiləsiz olaraq operator peşəsində çalışıb.
Əslən Lerik rayonunun Kəlvəz kəndindəndir.
1988-ci ildən başlayaraq ermənilərin azərbaycanlıları Qarabağ və eləcə də, Qərbi Azərbaycan torpqlarından zorla, silah gücü ilə çıxartması hər bir vətən övladı kimi bu qəhrəmanımızı da narahat edirdi. İgidimiz könüllü olaraq cəbhəyə gedər qaynar döyüş meydanlarından reportajlar hazırlayıb və xalqa eləcə də xarici ölkələrə çatdırıb. Dəfələrlə təhlükə ilə üzləşməsinə baxmayaraq cəbhəyə getməkdə davam edib.
1991-ci ildə ermənilər Xocavənd rayonunda ağılasığmaz vəhşiliklər törədiblər. Dinc sakinlər qətlə yetirilib, kəndlər yandırılıb. 20 noyabr 1991-ci il dövlət nümayəndələri və başqa bir neçə adam hadisəni araşdırmaq üçün Mİ-8 vertolyotu ilə Xocavənd rayonuna yola düşüblər. Xocavəndin Qarakənd kəndi yaxınlığında ermənilər vertolyotu iri çaplı pulemyotlardan atəşə tutublar. Vertolyot yerə düşərək parçalanıb və bütün heyət həlak olub. Şəhidlərin arasında Şahbazov Fəxrəddin də var idi. Amansız düşmən onların cəsədlərini təhqir etməkdən belə çəkinməyib.
Azərbaycan Respublikası prezidentinin 4 dekabr 1992-ci il tarixli 344 saylı fərmanı ilə Şahbazov Fəxrəddin İbrahim oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Bakı şəhərinin Məhəmməd Əmin Rəsulzadə qəsəbəsindəki küçələrdən, habelə İmişli şəhərindəki küçələrdən biri və Lerik rayonu Kəlvəz kənd tam orta məktəbi də bu mərd övladın adını daşıyır.
Qeyd edək ki, şəhidimiz ailəli idi, ondan yadigar iki qız övladı qalıb.
Allah rəhmət eləsin!
Zərintac Mayisqızı
Missiya.Az