"Azərbaycan hərbçiləri ölkəmizin suveren ərazilərində xidməti vəzifələrini yerinə yetirirlər".
Missiya.Az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Baş nazir Nikol Paşinyanın Ermənistan Təhlükəsizlik Şurasının iclasında səsləndirdiyi fikirləri şərh edərkən deyib.
"İlk növbədə qeyd etmək istərdik ki, son zamanlar Ermənistan tərəfindən həyata keçirilən təxribatlara cavab olaraq, Azərbaycan tərəfindən müvafiq tədbirlər görülür. Belə ki, ötən həftə, noyabrın 9-u Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyətinin Laçın rayonunun Qaragöl istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aparan yol üzərində cəmləşməsi, 13 noyabrda Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonundakı Azərbaycan Ordusunun mövqelərini atəşə tutması, habelə 14 noyabrda Ermənistan silahlı qüvvələrinin iki dövlətin sərhədinin Laçın rayonunu istiqamətində cəmlənərək növbəti təxribata hazırlığına cavab olaraq Azərbaycan tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Vurğulayırıq ki, Azərbaycan hərbçiləri ölkəmizin suveren ərazilərində xidməti vəzifələrini yerinə yetirirlər. Həmçinin xatırladırıq ki, mövcud gərginliyə görə başlıca məsuliyyət bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - deyə o bildirib.