Ötən mövsüm Azərbaycan Televiziyasında yayımlanan ən baxımlı layihələrdən olan "Yüz ilin adamları" layihəsi bu il yeni adla, yeni formatla təqdim olunacaq.Belə ki, bu mövsüm veriliş "Yüz ilin sirləri" adı ilə tamaşaçıların qarşısına çıxacaq.
Mövsümün ilk buraxılışı Türkiyənin ilk qadın vəkili Sürəyya Ağaoğluna həsr edilib. Verilişdə Sürəyya xanımın bioqrafı, həmkarları və varisləri onunla bağlı xatirələrini bölüşüblər.
Qeyd edək ki, Sürəyya Ağaoğlu 1903-cü ildə Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərində ideoloq, hüquq professoru Əhməd bəy Ağaoğlunun ailəsində dünyaya gəlib. Sürəyya xanım 1910-cu ildə ailəsi ilə birlikdə Türkiyəyə mühacirət edib. O, 6 yaşında anadan olduğu Şuşanı tərk edib və ancaq 79 yaşında Vətənə qayıda bilib. Sürəyya Ağaoğlu, həmçinin Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinin ilk prezidenti olub və Azad Fikirləri Yayma Dərnəyi və Türk-Amerikan Universitetlər Dərnəyinin təməlini qoyub.
Layihənin ideya müəllifi və aparıcısı Hüseyn Cavadzadənin sözlərinə görə, bu mövsüm efirə gedəcək buraxılışlar zamanı təkcə tarixi şəxsiyyətlərin həyat yolu deyil, eyni zamanda tarixi hadisələr, faktlar da araşdırılacaq. Bəzi verilişlər Azərbaycan siyasətində, mədəniyyətində önəmli səhifə olan hadisələrə, proseslərə həsr olunacaq. Bununla yanaşı, ötən əsrin ölkə və dünya əhəmiyyətli bəzi sirrləri də yaradıcı heyət tərəfindən aşardırılır.
"Araşdırmalarımız zamanı bəzən elə sirrli məqamlarla rastlaşırıq ki, özümüz də təəccüb edirik. Amma əsas odur ki, tamaşaçıya verəcəyimiz hər bir informasiyanı əsaslı faktlarla təqdim edə bilirik. Bu mövsüm dahi M.Ə.Rəsulzadə, Həzi Aslanov kimi tarixi qəhramanlarımızla yanaşı, Ağaoğlular nəslinin seçilən nümayəndələri Əhməd bəy Ağaoğlu, Sürəyya Ağaoğlu, Rusiyada yaşamış, tarixdə ilkləri ilə qalan azərbaycanlılar Sabit Orucov, Kərim Kərimov, Eyyub Tağıyev, Ənvər Məmmədov haqqında da özəl buraxılışlarımız olacaq," - deyə Hüseyn Cavadzadə bildirib.
"Yüz ilin sirləri" noyabrın 14-də saat 22:00-da AzTV-də efirə gedəcək.