AZ   |   RU
Yeni ili yerli hotellərdə qarşılamaq neçəyə başa gələcək? - AÇIQLAMA


2024-cü ilin sonucu ayı dekabr ayını yaşayırıq. Yeni ilə az bir müddət qalıb. Əlbəttə, çox insan öz bayram, tətil günlərini gözəl, yaddaqalan keçirmək istəyir. Bunu üçün də ya ölkəmizin müxtəlif bölgələrinə, ya da xaricə üz tuturlar.

Turizm eksperti Rəhman Quliyev Missiya.Az-a açıqlamasında bildirib ki, regionlarda fəaliyyət göstərən otellərdə yeni il şənlikləri, şou-proqramlar təşkil olunacaq:

“Azərbaycana gələn əcnəbi turistlər, habelə vətəndaşlar xüsusilə şimal bölgəsində , eyni zamanda Şəki, Qax, Zaqatala, Balakəndə fəaliyyət göstərən, beşulduzlu otellərə daha böyük maraq göstərirlər. Qar mövsümü ilə əlaqədar şimal bölgəsində dağlıq ərazilərə insanlar çox gedir. Yeni ildə 1 həftəlik tətil günlərini nəzərə alsaq, əksəriyyət bayram keçirmək üçün bölgələrə üz tutur və bu da sıxlıq yaradır. Nəticədə qiymətlərdə bahalaşma gedir. Hər il olduğu kimi bölgələrdə fəaliyyət göstərən otellərdə yeni il şənlikləri, şou-proqramlar təşkil olunur. Canlı musiqi, konsert və məşhur müğənnilərin çağırılması – bütün bunların hamısı xərc tələb edir. Bir nəfər üçün şimal bölgəsinə gediş, iki gecə qalmaq, səhər və şam yeməyi daxil olmaqla, canlı musiqini də nəzərə alanda 1800-2000 manat təşkil edir. Şəki, Qax, Zaqatala, Balakən bölgəsində 1500-dən 2200 manata qədər dəyişən qiymətlər mövcuddur. Səhər yeməyi, 2 gecə 3 gün qalmaq və eyni zamanda otelin bütün imkanlarından istifadə etmək, şam yeməyi və yeni il şənliyində iştirak etmək bu qiymətə daxildir”.



Rəhman Quliyev əlavə edib ki, cənub bölgəsində qiymətlər nisbətən ucuzdur:

“Cənub bölgəsində isə qiymətlər 1100-1500 arası təyin edilib. Burada beşulduzlu- yeni il şənliyi təşkil edilən otellərdən söhbət gedir. Azərbaycan sərhədlərindən kənara gedən turistlərin sayında da artım müşahidə olunur. Hər il olduğu kimi, ənənəvi olaraq tətil günlərini xaricdə keçirmək istəyən vətəndaşlar da var ki, əsasən Türkiyənin İstanbul şəhərinə, eyni zamanda Dubaya, Dohaya, Avropanın bəzi şəhərlərinə aviareyslərin təşkil edildiyi istiqamətlərə daha çox üstünlük verirlər. Rusiyanın Azərbaycana yaxın əyalətlərinə də gedirlər”.


Zərintac Mayisqızı
Missiya.Az





  • 6-12-2024, 12:57