
4 dekabr 2024-cü il tarixində Sumqayıt şəhərində tarixi bir hadisə baş tutacaq.
Missiya.Az xəbər verir ki, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası, "DK Agency" və Turan Restoranlar Şəbəkəsinin birgə təşəbbüsü ilə yaradılan "Turan Qastroturizm Akademiyası" MMC-nin təntənəli açılış mərasimi keçiriləcək.
Tədbirdə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Cahit Bağcı, TİKA Başqanı Serkan KAYALAR, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və digər rəsmi şəxslərin iştirakı gözlənilir.
Açılış nitqi ilə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev akademiyanın yaradılmasının əsas məqsədləri və gələcək hədəfləri barədə məlumat verəcək.
"Məktəb-Sənaye Əməkdaşlığı Sumqayıt Modeli" çərçivəsində fəaliyyət göstərəcək akademiya, şəhərdə işsizliyin azaldılması və xidmət sektorunun inkişafına əhəmiyyətli töhfə verəcək strateji bir layihə olaraq planlaşdırılıb. TİKA-nın təmin etdiyi müasir mətbəx avadanlıqları və təchizat dəstəyi sayəsində, gənclərə beynəlxalq standartlara uyğun peşə təhsili veriləcək.
Akademiya üç əsas bölmədən ibarət olacaq:
İlham Sahəsi: təlim zalı, kitabxana və studiya;
Tətbiq Sahəsi: praktik məşğələ otaqları və tədris mətbəxi;
Təcrübə Sahəsi: restoran və satış bölməsi;
Akademiyanın əsas hədəfləri:
Xidmət sektorunda məşğulluğun artırılmasına töhfə vermək;
Şəhərin qastroturizm potensialını inkişaf etdirmək;
Beynəlxalq standartlara uyğun təlim proqramları həyata keçirmək.
Rəsmi nitqlərdən sonra qonaqlar qırmızı lentin kəsilməsi mərasimində iştirak edəcək və akademiyanın təlim otaqları və tətbiq sahələri ilə tanış olacaqlar.