Bu gün Zəfər tariximizin 4-cü ildönümü ilə əlaqədar "Mənim oğlum qəhrəmandır" layihəsinin növbəti tədbiri keçirilib.
Missiya.Az xəbər verir ki, tədbirdə şəhid ataları, qazilər, milət vəkilləri, icra başçıları, Türk Ağsaqqalları İctimai Birliyinin nümayəndələri və sənət adamları iştirak ediblər.
Şəhid atalarına xitabən keçirilən bu tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra “Şuşam” xorunun təqdimatında Zəfər Marşı təqdim olunub.
Tədbirdə çıxış edənlər bildiriblər ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanması hər birimiz üçün qürurvericidir. Vətən müharibəsində tarixi Zəfər cəsur Azərbaycan oğullarının fədakarlığı, canı və qanı bahasına qazanıldı. Bu əlamətdar günün, qələbəmizin unudulmaz səbəbkarlarını hər daim xatırlamalıyıq.
Çıxışçılar həmçinin şəhid ailələrinə göstərilən xüsusi diqqətə, qayğıya və dəstəyə görə Ali Baş Komandan, cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.
Daha sonra şəhidlərin ruhuna ehsan verilən mərasimdə Təzə pir məscidinin din xadimi Hacı Fikrət Quran ayələri səsləndirib, onların ruhuna dualar oxuyub.
Tədbirdə tanınmış müğənnilərin ifasında mahnılar səslənib.
Qeyd edək ki, tədbir "Fire Land Group"un rəhbəri Cəlal Qurbanov tərəfindən təşkil olunub.
Leyla SƏMƏNDƏR
Missiya.Az