AZ   |   RU
Quran açdırmaq günahdır?

 

Ölkəmizdə insanlar arasında  “Quran açdırmaq” deyə bir mülahizə mövcuddur ki, bu da olduqca mübahisəli məsələlərdən biridir.  Xüsusən rayon camaatı arasında geniş yayılan bu əməl ilə əlaqədar bəzi insanlar öz gələcəyi ilə bağlı məlumat əldə etmək, bəxt açılması, ruzinin artması üçün ruhanilərə, din adamlarına müraciət edirlər. Bəs bu addım nə dərəcədə doğrudur? Dində “Quran açmaq” necə qarşılanır?

Mövzu ilə bağlı Missiya.Az-a açıqlama verən ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov bildirib ki, Quran açmaq, kiminsə barəsində, gələcək həyatı ilə bağlı fikir söyləmək bütün bunlar hamsı cəfəngiyyatdır. Qurani-kərimdə heç kimin həyatı haqqında xüsusi bir məna kəsb edən, onun gələcəyi ilə bağlı fikir söyləməyə dair məlumatlar yoxdu:

“Qurani-kərim ona görə nazil olunub ki, insanlar onu oxusunlar Allah-təalanın dediyi sözləri əzbərləsinlər, onlara əməl etməyə çalışsınlar, həmçinin Allaha inanan mömin müsəlmanlar Qurani-kərimi yavaş-yavaş oxuyaraq, başa düşərək onları həyatına tətbiq edib yaşasınlar. Ayə və hədislərdə gələcəkdən xəbər vermə, qeybi bilmə, insanın qədərini dəyişdirmə iddiası daşıyan, Allahdan başqa varlıqlardan yardım diləmə qayəsi güdən hər cür xurafat və batil inanclar qadağan edilib. Çünki gələcəyi bilmək, sabahı görmək barədə heç kimin əlində bir məlumat yoxdur.  Qədim zamanlarda buna(insanların gələcəyini görməklə bağlı) kahinlik elmi deyirdilər.  Şəriətdə ümumiyyətlə kahinlik elmi qadağan olunub. Çünki bu, Allah-təalanın biz bəndələrindən istədiyi qaydalara, əməllərə ziddir. Həm də peyğəmbərimiz də həyat tərzində bunu tamamilə öz hədislərində qadağan edib”.

Bir sözlə, heç kim sabah, biri gün başına nə gələcəyini bilməz. İnsanın nə ilə qarşılaşacağını yalnız Allah bilir. Odur ki, gözəl bəxt, tale, mənalı həyat üçün bu kimi əməllər yerinə Allaha dua edib, ondan istəmək, gözəl gələcək üçün çalışmaq  kifayət edər.


Leyla SƏMƏNDƏR
Missiya.Az

 

 

 




  • 25-10-2024, 15:13