AZ   |   RU
25 oktyabr Elmira Şahtaxtinskayanın doğum günüdür


25 oktyabr Azərbaycan SSR xalq rəssamı və əməkdar incəsənət xadimi Elmira Həbibulla qızı Şahtaxtinskayanın doğum günüdür.

Missiya.Az
xəbər verir ki, Elmira Şahtaxtinskaya 1930-cu ilin bu günü Bakı şəhərində doğulub. Orta təhsilini Bakıda alıb, daha sonra Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini (indiki Rəssamlıq Akademiyası, 1950) və V. İ. Surikov adına Moskva Rəssamlıq İnstitutunu (1956) bitirib. Sənətkar daha çox plakat və dəzgah rəsmlərinin müəllifi kimi şöhrət tapıb. XX əsrin 70-ci illərində "Azərbaycan qədim mədəniyyət diyarıdır" plakat silsiləsini, Azərbaycanın elm, ədəbiyyat və incəsənət xadimlərinin portretlər qalereyasını, dəzgah rəsmləri və akvarellərindən "Çexoslovakiyada" (1957), "Sosialist Bakısı" seriyası (1958–1959), "Bolqarıstanda" (1963), "Qutablar" (1963) və "Novruz bayramı" (1970) tablolarını yaradıb. Moskva (1957), Kaunas (1967) və s. şəhərlərdə fərdi sərgisi nümayiş etdirib.


Rəssamın yaradıcılığında sülh və xalqlar dostluğu, əmək mövzusu əhəmiyyətli yer tutur. 70-ci illərdə çəkdiyi "Azərbaycan qədim mədəniyyət diyarıdır" plakatlar silsiləsində Azərbaycanın orta əsrlərdə yaşayıb yaratmış elm və mədəniyyət xadimlərinin (Nəsirəddin Tusi, Məhsəti Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Əcəmi Naxçıvani, Sultan Məhəmməd və başqaları), 70–80-ci illərdə isə müasir sənətkarların (Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Səməd Vurğun, Səttar Bəhlulzadə, Qara Qarayev, Fikrət Əmirov və başqaları) portretlərini yaradıb. E.Şahtaxtinskaya "Şərəf nişanı" ordeni ilə təltif olunub, 1963-cü ildə əməkdar incəsənət xadimi, 1977-ci ildə isə Azərbaycanın xalq rəssamı adına layiq görülüb.


Dahi rəssam 13 oktyabr 1996-cı ildə Moskvada dünyadan köçüb, paytaxtda Fəxri xiyabanda dəfn edilib.


Zərintac Mayisqızı
Missiya.Az




  • 25-10-2024, 11:40