Uşaq bağçalarında zaman-zaman neqativ halların yaşandığını eşidirik. Son dövrlər isə bu hallar artıb. Bağça rəhbərliyi və tərbiyəçi - müəllimlər tərəfindən azyaşlılara qarşı kobud rəftar, habelə məsuliyyətsiz yanaşmalar müşahidə olunur. Ötən həftə isə AzTV -nin əməkdaşı, aparıcı Həmid Əsədzadənin 2 yaşlı qızı bağçada aldığı xəsarətdən vəfat edib. Səbail rayonu İzzət Nəbiyev küçəsində yerləşən "Candy kids" adlı özəl uşaq bağçasında təlim-tərbiyə alan körpə xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib.
Azyaşlının atası mətbuata açıqlamasında qızını xəstəxanaya aşpazın apardığını, müəllimənin bağçada işinin başında olmadığını bildirib. Yayılan başqa məlumatlara görə isə balacanın boğazında yemək qaldığına görə nəfəs ala bilmədiyi və həyatını itirdiyi söylənilir.
Ümumiyyətlə məktəbəqədər təhsil müəssisələrində təhlükəsizlik və sağlamlıq necə təmin edilməlidir?
Təhsil eksperti Elçin Əfəndi Missiya.Az-a açıqlamasında deyib ki, hazırda ölkəmizdə fəaliyyət göstərən 1900-dən çox dövlət bazasında, eyni zamanda özəl bağçalar var:
“Əlbəttə bu bütün Respublikanı əhatə etmir. Onsuzda onların sayı azlıq təşkil edir. Bəzi yerlərdə də görürük ki, sıxlıq səbəbindən valideynlər övladlarını bağçalara yönəldə bilmir. Elm və Təhsil nazirliyi tərəfindən sözügedən istiqamətdə işlər görülür. Gözləntimiz ondan ibarətdir ki, qarşıdakı dövr ərzində yeni bağçaların tikilməsi ilə bu sıxlıq aradan qalxacaq. Təbii ki, bağçaya qəbul aparılırsa, mütləq uşaqların sağlamlıq və təhlükəsizliyi ən prioritet amil olmalıdır. Müvafiq olaraq onların bilik və bacarıqlarının formalaşmasında iştirak edən məktəbəqədər təlim və tərbiyə ixtisasını bitirmiş şəxslər, o sırada bağça rəhbərliyi məsuliyyət daşıyırlar. Burada verilən qidalardan tutmuş azyaşlıların bağçada yatmaları, oyanmaları geyimlərini dəyişmələri və s. hamısı diqqətdə saxlanılmalıdır”.
Təhsil eksperti vurğulyıb ki, son dövrlər baş verən bəzi neqativ hallar bəli, yaşanır, bu mənfi bir reallıqdır:
“Məktəbəqədər təhsil müəssisələrində mühafizə xidməti təşkil olunmalıdır. Bilirsiniz ki, 2020-ci ilə qədər bağçalar yerli icra hakimiyyətinin tabeliyində idi və həmin o tabelikdən də bir çox hallarda fürsət kimi istifadə olunurdu. Bağça rəhbərliyinə aidiyyatı olmayan şəxslər təyin edildi. Eyni zamanda müəllimləri işə götürən zaman qeyri-ixtisas sahibləri də seçildi. Nəticədə xaos yarandı. 2022-ci ildə Dövlət Başçısının müvafiq Sərəncamı ilə Elm və Təhsil Nazirliyinin tabeliyinə tapşırılandan sonra məktəbəqədər təhsil müəssisələri artıq sözügedən sahədə müəyyən bir islahatların aparıldığını görürük: mərkəzləşmiş qaydada şagirdlərin və müəllimlərin qəbul imtahanların keçirilməsi və s. Növbəti dönəmlərdə isə faktiki çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi və sertifikasiyası keçiriləcək. Düşünürəm ki, onun ardınca həmin müəssisə rəhbərlərinin də sertifikasiya, diaqnostika prosesinə cəlb olunması ilə bir çoxlarının vəzifəsindən uzaqlaşdırılmasını müşahidə edəcəyik. Bu isə qeyd olunan istiqamətdə şəffaflığın yaranacağını deməyə əsas verir. Məhz sözügedən proseslərdən sonra təhlükəsizlik və sağlamlıq məsələlərinin də tam təmin edilməsinin şahidi olacağıq”.
Zərintac Mayisqızı
Missiya.Az