AZ   |   RU
Avtobus sürücüləri işə götürülərkən hansı qaydalara diqqət yetirilməlidir?

 

Son zamanlar ictimai nəqliyyatda sürücülərlə sərnişinlər arasında tez-tez mübahisə yaranır. Mübahisə zamanı iki tərəfin bir-birlərinə qarşı qeyri-etik ifadələr səsləndirməsi də hər kəsə məlumdur.  Vətəndaşların əksəriyyəti, sürücünün nəqliyyat vasitəsini sürətlə idarə etdiyindən, dayanacaqda saxlamadığından və yaxud içəriyə çox adam yığdığı üçün sıxlıq yarandığından şikayət edirlər. Təbii ki, burada sadəcə bir tərəfi mühakimə etmək olmaz. Maraqlıdır, nəqliyyat vasitələrini idarə edən sürücüləri seçərkən, yaxud işə götürərkən hansı məqamlara diqqət edilməlidir?

Mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Missiya.Az-a açıqlamasında bildirib ki, sərnişindaşımanın əsas ağırlığı bu gün Bakı metrosunun və marşurutların, qismən də taksilərin üzərinə düşür:

“Amma burada düzgün sürücünün seçilməsi, nəqliyyat vasitəsinin qüsursuz idarə olunması, avtobus sürücülərinin bu və digər formada nəzarətdə saxlanılması vacib atılan addımlardan, görüləcək işlərdən biridir. Ələlxüsus avtobus sürücüləri mütəmadi olaraq geniş tibbi müayinədən və narkoloji testdən keçirilməlidir.

Müsahibimiz qeyd edib ki, nəqliyyat vasitələrinin düzgün idarə olunması əsas prioritetlərdən biridir:

“Əsasən işə çıxan, buraxılış vərəqəsi alan şəxsin səhhətində olan vəziyyət, onun təzyiqinin ölçülməsi, müəyyən dərəcədə testlərdən, analizlərdən keçirilməsi mütləqdir ki, bu da yolda idarəetməyə sirayət edəcək. Eyni zamanda  qanunvericiliklə sürücünün sürürücülük vəsiqəsi və D kateqoriyası olmalıdır. Ümumiyyətlə, sözügedən şəxs ən azı 5 ildən yuxarı və 10 il müddətinə ağır və iri qabaritli, orta tutumlu nəqliyyat vasitələrini idarə etməlidir. Onun yaş məsələsinə gəldikdə isə, sürücünün yaşı 21-dən yuxarı olmalıdır”.

Əlbəttə ki, bütün bu amillərin nəzərə alınması önəmli məsələlərdən biridir. Çünki insanların əksəriyyəti gündəlik olaraq ictimai nəqliyyatdan istifadə edirlər. Və onların sağlamlıq durumlarını heç bir vəchlə təhlükəyə atmaq olmaz. Xüsusilə, işə götürülən sürücülərin psixoloji vəziyyəti, səbrli, təmkinli, düzgün davranış qaydalarına bələd olması da mühümdir.


Leyla SƏMƏNDƏR
Missiya.Az




  • 2-10-2024, 14:25