AZ   |   RU
COP 29-dan sonra müharibə olacaq? - Zəngəzur dəhlizi, razılaşdırılmayan 3 bənd və Paşinyanın yarımçıq sülh sazişi istəyi


Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə gün bundan öncə çıxışında bildirdi ki, Azərbaycanla imzalanacaq sülh müqaviləsinin 16 bəndindən 13-ü razılaşdırılıb. Nikol ötən gün Nyu-Yorkda BMT kürsüsündə çıxışı zamanı isə Ermənistanın Bakıda keçiriləcək COP29 tədbirinə kimi Azərbaycanla sülh müqaviləsi imzalamaq istədiyini bəyan etdi. Ancaq İrəvan hökumətinin sülh müqaviləsini imzalamağa hazır olması ilə bağlı bəyanat səsləndirməsinə baxmayaraq, Ermənistan 3 maddəni sonrakı proseslərə saxlamağa can atır. Bəs sülh müqaviləsinin razılaşdırılmayan 3 bəndi nədən bəhs edir?


Bununla bağlı Missiya.Az-a açıqlama verən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, sülh sazişi layihəsində razılaşdırılmayan bəndlərlə bağlı rəsmi açıqlamalar olmasa da, bununla bağlı müəyyən ehtimallar irəli sürmək mümkündür:


“İstisna deyil ki, bəndlərdən biri Ermənistan Konstitusiyası və digər normativ-hüquqi aktlarıın dəyişdirilməsidir. Bakı İrəvandan tələb edir ki, ərazi iddialarının yer aldığı normativ-hüquqi aktları dəyişdirsin, Ermənistan hakimiyyəti isə məsələni uzadır, görünür, geosiyasi şərtlərin dəyişə biləcəyinə və yenidən ərazi iddiaları irəli sürəcəklərinə ümid edirlər. İkinci bənd sərhədin delimitasiyası məsələsinin sülh sazişi layihəsinə daxil edilməsi ola bilər. Bakı bu məsələni sonraya saxlayır, İrəvan isə delimitasiyanın Alma-Ata bəyannaməsinə uyğun müəyyənləşməsi şərtini layihəyə daxil etməyə çalışır. Üçüncü bəndin “qaçqınların qayıdışı” məsələsini özündə ehtiva etdiyini təxmin etmək olar. Söhbət azərbaycanlıların Qərbi Azərbaycana qayıdışından gedir, İrəvan da ermənilərin Qarabağda yenidən məskulaşmasını buna qarşı əks-həmlə olaraq irəli sürür. Təbii ki, bunlar ehtimallardır. Dəqiq olan məqam budur ki, Ermənistan sülh sazişindən yayınmaq üçün bütün vasitələrdən istifadə edir”.


Azərbaycanın COP 29-dan sonra Zəngəzur dəhlizini hərbi yolla açmağa çalışacağına dair ehtimallara gəldikdə, Asif Nərimanlı qeyd edib ki, Zəngəzur dəhlizi məsələsi  təkcə Bakı-İrəvan xəttində həll edilmir:


"Zəngəzurun hazırda geosiyasi mübarizə meydanına çevrilib, böyük güclər dəhlizi öz maraqlarına uyğunlaşdırmağa çalışır. Bu baxımdan, dəhlizin qısa müddətdə reallaşması ehtimalı zəifdir". 


Siyasi şərhçi İranın Zəngəzur dəhlizi məsələsində “müharibə” təhdidlərindən də danışıb və bunu belə adlandırıb: "Belə bir ssenaridə Tehran Moskva və Ankara ilə üz-üzə qalacaq. Lakin İran Zəngəzur dəhlizi ilə bağlı ritorik təhdidlərlə yanaşı, Ermənistanın müxtəlif yollarla dəstəkləməyə də davam edəcək”, - deyə siyasi şərhçi vurğulayıb.



Daşqın Həsənov
Missiya.Az



  • 26-09-2024, 20:02