AZ   |   RU
Çin şirkətləri Azərbaycanda bərpa olunan enerji sahəsinə maraq göstərir


Energetika nazirinin müavini Orxan Zeynalovun rəhbərlik etdiyi nümayəndə heyəti 24-26 sentyabr tarixlərində Çinin Yangijang və Pekin şəhərlərində səfərdə olub.

Energetika Nazirliyindən Missiya.Az-a verilən məlumata görə, səfər çərçivəsində Energetika Nazirliyi ilə “China Energy Engineering Group Co.Ltd” arasında yaradılmış İşçi qrupunun 2-ci iclasında iştirak edilib.

Həmçinin “Guangdong Electric Power Design İnstitute Co., Ltd., CEEC”, “TBEA CO., Ltd.”, “China Datang Corporation Ltd.” şirkətlərinin nümayəndələri ilə görüşlər keçirilib. Nümayəndə heyətində Energetika Nazirliyinin əməkdaşları ilə yanaşı “SOCAR Green” şirkətinin direktoru Elmir Musayev də təmsil olunub. Görüşlərdə Azərbaycanın təşəbbüskarı olduğu enerji dəhlizləri haqqında məlumatlar diqqətə çatdırılıb, Xəzər-Qara dəniz-Avropa yaşıl enerji dəhlizinin bərpa olunan enerjinin böyük həcmdə ixracı baxımından əhəmiyyətindən bəhs edilib, Çinlə bərpa olunan enerji, enerji saxlanc sistemləri, şəbəkənin gücləndirilməsi, “yaşıl enerji”nin ixracı, dənizdə külək enerjisi, yüksək gərginlikli sabit cərəyan (HVDC) kabellərinin təchizatı sahəsində əməkdaşlıq imkanları müzakirə edilib, ən yeni təcrübələrin öyrənilməsi barədə geniş fikir mübadiləsi aparılıb. Çin şirkətlərinin ölkəmizdə nəhəng bərpa olunan enerji potensialının reallaşdırılması üzrə genişmiqyaslı fəaliyyət sahələrində iştiraka maraq göstərdikləri diqqətə çatdırılıb, Azərbaycanda bərpa olunan enerji stansiyalarının tikintisinə investisiya imkanları dəyərləndirilib.




  • 26-09-2024, 17:47