AZ   |   RU
Dövlət Suverenliyi Günündə Qarabağ Universitetinin fəaliyyətə başlaması tarixi Zəfərin təntənəsidir


Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib. Dövlətimizin başçısı Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşüb və çıxış edib. İlk növbədə görüş iştirakçılarını və bütün Azərbaycan xalqını münasibətilə ürəkdən təbrik edən ölkə rəhbəri 20 Sentyabrın bundan sonra da Azərbaycanda geniş qeyd ediləcəyinin əminliyini bildirib.



Çıxışında bir il bundan qabaq uğurlu antiterror əməliyyatı barədə geniş məlumat verərək şanlı Ordumuzun şücayətindən danışıb və qeyd edib ki, “Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi. Bu günü bizə bəxş edən qəhrəman hərbçilərimizi hər zaman böyük minnətdarlıqla yad edirik. Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini daim qəlbimizdə saxlayırıq və saxlayacağıq”.


Eyni zamanda dövlətimizn başçısı bildirib: “Sinəsini qabağa verən gənclər o qədər vətənpərvərlik ruhunda tərbiyə olunmuşdur ki, onlar üçün Vətən torpaqlarını azad etmək ən şərəfli missiya olmuşdur. Sinəsini qabağa verən, ölümə gedən gənclər bir amalla yaşayırdılar ki, milli ləyaqətimizi bərpa edək və bunu etdik. Biz bu Qələbə ilə, haqlı olaraq hərbçilərimizlə fəxr edirik və əbədi fəxr edəcəyik”.


İlham Əliyev habelə vurğulayıb: “Bütün bunlar bir daha dövlətimizin gücünü, xalqımızın iradəsini, gənc nəslin tərbiyəsini, bacarığını göstərir. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı imkan verdi ki, Azərbaycan nəinki beynəlxalq hüququ bərpa etdi, nəinki öz milli qürurunu bərpa etdi, bütün dünyaya nümayiş etdirdi ki, ədalətsizlik əbədi davam edə bilməz”. 


“Bu gün işğaldan əziyyət çəkən və ədalətsizliklərlə üzləşən bir çox xalqlar üçün bizim nümunəmiz bir ümid işığıdır. Bu, önəmlidir. Amma bizim xalqımız üçün gələcəkdə öz gücünə güvənmək, güclü olmaq, güclü dövlət qurmaq, heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək - bax, bu, əsas hədəflərimizdir. Bunu təmin etmək üçün əlbəttə ki, dövlət siyasəti olmalıdır və var. Cəmiyyətdə birlik olmalıdır, bu da var. 44 günlük Vətən müharibəsi onu göstərdi ki, bəlkə də heç bir ölkədə bizim cəmiyyətimiz qədər birlik nümayiş etdirən cəmiyyət yoxdur. Bizdən sonra gələn nəsil, gənclər də bu yolla getməlidirlər. Onlar, ilk növbədə, milli ruhda tərbiyə almalıdırlar, öz mədəniyyətinə, ənənələrinə, mənəvi dəyərlərinə sadiq olmalıdırlar. Heç kimin təsiri altına düşməməlidirlər, müxtəlif vədlərə aldanmamalıdırlar”- deyə cənab Prezident çıxışında söyləyib.


Qarabağ Universitetinin tarixi gündə 20 sentyabr Dövlət Suverenliyi Günündə açılışı hər birimiz üçün böyük fəxarətdir və möhtərəm Prezidentimiz bunu xüsusilə qeyd edərək bu ali təhsil ocağının bütün kollektivinə uğurlar diləyib: “Bu gün Qarabağda, azad Qarabağda olmaq, sizi görmək, yataqxanada, o balkonda tələbələrin gülər üzlərini görmək doğrudan da böyük xoşbəxtlikdir. Bəlkə də bundan böyük xoşbəxtlik ola bilməz. Müəllimlərə, tələbələrə uğurlar arzulayıram. Yaxşı işləyin, yaxşı oxuyun ki, hər zaman Azərbaycan zəfər çalsın, hər zaman - əgər lazım olarsa, həm döyüş meydanında, həm iqtisadi sahədə, həm siyasi müstəvidə, hər bir yerdə Azərbaycan həmişə zirvələrdə olsun! Sizi təbrik edirəm”.


Dilqəm Əlirzayev
Nizami rayonu 70 saylı məktəb-liseyin direktor müavini, Qarabağ veteranı    


  • 20-09-2024, 18:05