Hər kəs ev sahibi olmaq istəyir. Çox zaman maddi durumla əlaqədar mənzil üçün lazımi məbləği tam şəkildə ödəyə bilmirlər. Ona görə də bəzən ipoteka şərtlərindən yararlanırlar. İpoteka nədir? - Öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınan əşyaların girovudur. Bu da bir neçə formada həyata keçirilir. Vətəndaşları maraqolandıran suallardan biri də daxili ipoteka ilə bağlıdır. Onun hansı üstünlükləri, nə kimi əhəmiyyəti var?
Əmlak eksperti Elnur Fərzəliyev Missiya.Az-a açıqlamasında deyib ki, mənzillərin kredit satışı daha çox iki formada aparılır:
“İpoteka və Kredit Zəmanət Fondunun ayırdığı ipoteka kreditləri 2 hissəyə bölünür: Güzəştli ipotekalar – onların illik faizləri əsasən 4 %, ayrılan maksimal limit 100 min manata qədərdir. Digər ipoteka kreditinin isə illik fazi dərəcəsi 8 %, ayrılan limit maksimal 150 min manata qədərdir”.
Ekspertin sözlərinə görə, çoxsaylı tikinti şirkətləri daxili kreditlər hesabına evlər satırlar ki, bunlar da iki hissəyə bölünür:
“Tikinti şirkətinin daxili hesabına satılan kreditli mənzillərin maksimal müddəti 5 ilə qədərdir ki, vətəndaş onu həmin müddət ərzində bağlamaq məcburiyyətindədir. Həmin kreditli satışlarda daha çox faiz dərəcəsi olmur. Yalnız evin ümumi məbləği 5 ilə qədər bölünərək hissəli şəkildə ödənilir. Daxili kreditlərlə satışı həyata keçirən qurumlar bankdaxili kreditlərdən yararlanırlar. Sözügedən kreditlər 20-25 ilə qədər vətəndaşlara ayırır. Bunların illik faiz dərəcəsi 10 faizdən 15 faizə qədər dəyişir. Rəsmi ipotekalarda sənədlər toplusu daha çox olduğuna görə tikinti şirkətlərinin ayırdığı kreditlərin alıcıları daha çoxdur. Həmin şirkətlər tərəfindən satılan mənzillərdə istər daxili, istərsə də bankdaxili kredit hesabına satılan mənzillərdə sənədlər toplusu azdır. Lakin ilk ödənişlər daha artıq olur, bununla da istər bank, istərsə də şirkət özünü sığortalayır”.
Zərintac Mayisqızı
Missiya.Az