Bakıda Formula 1 Azərbaycan Qran-prisinə start verilib. Xeyli müddətdir ki, paytaxtımızda bu mötəbər idman yarışına hazırlıq işlər aparılır, təhlükəsizlik tədbirləri görülür və təbii ki, mərkəzi küçələrin bağlı olması digər küçələrdə avtomobil sıxlığının yaranmasına səbəb olur. Buna görə narazılıq edən, gileylənənlər var. Amma gəlin sözügedən beynəlxalq yarışa fərdi baxışlarımızla deyil, ölkəmizin maraqları kontekstində yanaşaq.
Bəlkə kiməsə adi gəlir, amma inanın, bu kimi populyar beynəlxalq yarışların təşkilatçılıq səviyyəsi bilavasitə ölkəmizin beynəlxalq imicinə təsir göstərə bilir. Ölkəmizin turizm potensialının təbliğ olunması baxımından da Formula1 kimi dünyada 500 milyon tamaşaçı auditoriyası olan bahalı və elit idman yarışının Bakıda keçirilməsinin böyük əhəmiyyəti var.
Hər dəfə bu yarışlara tamaşa etmək üçün ölkəmizə 10 min nəfər civarında xarici vətəndaş gəlir. Gəlirlər, gəzirlər və qayıdanda öz ölkələrində Azərbaycan haqqında xoş təəssüratlarını paylaşırlar. Və təbii ki, həmin 10 min nəfər burada pul xərcləyir. Hesablamalara görə, Formula1 yarışını izləmək üçün Bakıya gələn turistlərin hər biri burada 3 min dollar xərcləyir. Yəni ki, büdcəmizə əlavə vəsaitlər daxil olur.
Son günlər şəhərdə turist sıxlığını yəqin siz də müşahidə etmisiniz. Otellər, restoranlar çeşidli ölkələrdən gələn turistlərlə qaynayır. Bu isə sahibkarlıq subyektlərinin qazanması deməkdir... Odur ki, bütün bunlara görə, ölkəmizin adına, dövlətimizin maraqlarına görə tıxaclara dözmək də olar. Təkcə bizdə belə olmur ki. Böyük idman yarışları keçirilən paytaxtların hamısında analoji vəziyyət hökm sürür. Bir şeyə də artıq uyğunlaşmalıyıq ki, Bakı qlobal beynəlxalq tədbirlərə ev sahibliyi edən şəhərdir.
Ümid edirik ki, Bakıda sayca 8-ci dəfə keçiriləcək bu yarış da xətasız-bəlasız yekunlaşacaq və qonaqlarımız həmişə olduğu kimi bizdən razı gedəcəkər.
Nicat Dağlar
Missiya.Az