Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyəyə səfəri çərçivəsində Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumu (TİHEK) tərəfindən hazırlanmış hesabatın təqdimatı ilə bağlı mətbuat konfransında iştirak edib.
Missiya.Az xəbər verir ki, Ombudsman Aparatından bildirilib ki, əvvəlcə TİHEK rəhbəri açılış nitqi ilə çıxış edərək həmkarına və Azərbaycan xalqına Müstəqilliyinin Bərpası Günü ilə bağlı təbriklərini çatdırıb və hazırlanan hesabat barədə danışıb.
Daha sonra TİHEK tərəfindən yaradılmış Qarabağ Müşahidə Qrupunun üzvləri Azərbaycanda həyata keçirdikləri araşdırmalar, şahid olduqları və hesabatda əksini tapan hüquq pozuntuları barədə ətraflı məlumat veriblər.
Azərbaycan Ombudsmanı tədbirdə çıxışı zamanı müharibə dövründə mənəvi dəstəyi ilə Azərbaycanı bir an belə yalnız qoymayan qardaş Türkiyə xalqına təşəkkür edib. S.Əliyeva həmin müddətdə onunla davamlı olaraq əlaqə saxlayaraq cəbhədəki vəziyyətlə maraqlanan TİHEK rəhbərliyinə və Türkiyə Baş Ombudsmanına minnətdarlığını bildirib.
Daha sonra Ombudsman 44 günlük müharibə dövründə Azərbaycanın mülki əhalisinə qarşı qadağan olunmuş silahlardan istifadə olunması faktları, həmin halların araşdırılması ilə bağlı fəaliyyət, o cümlədən faktaraşdırıcı missiya hesabatları barədə geniş məlumat verib. O, həmçinin azərbaycanlı əsir və girovların işgəncə, pis rəftar hallarına məruz qalması faktları ilə bağlı beynəlxalq təşkilatlara hesabat ünvanlandığını bildirib.
Ombudsman qeyd edib ki, işğal zamanı Azərbaycan ərazilərində ekoloji terror həyata keçirilmiş, tank və piyada əleyhinə işarələnməmiş minalar yerləşdirilmişdir. Ermənistan tərəfinin dəqiq mina xəritələrini verməkdən imtina etməsinin çoxsaylı şəxslərin həlak olmasına və yaralanmasına səbəb olduğu, bir milyona yaxın məcburi köçkünün doğma torpaqlarına qayıdış prosesinə əngəl yaratdığı vurğulanıb. Nəzərə çatdırılıb ki, həmin ərazilərin minalardan təmizlənməsi uzun zaman tələb edir.
Bundan əlavə, Ombudsman çıxışında Birinci Qarabağ müharibəsindən bu günə qədər itkin düşmüş hesab olunan azərbaycanlılarla bağlı məsələni diqqətə çatdırıb.
Ombudsman növbəti bu cür cinayətlərin törədilməsinin qarşısının alınması baxımından Ermənistanın siyasi və hərbi rəhbərliyinin müharibə cinayətlərinə görə məsuliyyətə cəlb olunmasının ciddi zərurət olduğunu qeyd edib.
Tədbirin yekununda mətbuat nümayəndələrinin sualları cavablandırılıb.