AZ   |   RU
Azərbaycan məhsullarının Türkiyə və Avropaya ixracının genişləndirilməsi təklif edilir

 

Azərbaycanda istehsal olunan məhsulların Türkiyə və Avropa bazarlarına ixracının genişləndirilməsinin zəruriliyi müzakirə edilib.

Missiya.Az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bununla bağlı müzakirələr nazir Məcnun Məmmədovun Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyəti ilə keçirilən görüşdə aparılıb.

Nazir Türkiyənin bütün sahələrdə olduğu kimi kənd təsərrüfatı sahəsində də Azərbaycanın etibarlı tərəfdaşı olduğunu deyib. Bildirilib ki, iki ölkə arasında aqrar tədqiqatlar, təhsil, pambıqçılıq, toxumçuluq, baytarlıq, aqrar sığorta və digər sahələr üzrə səmərəli əməkdaşlıq uğurla davam edir.

Görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, xüsusilə diqqətə çatdırılıb.

Ş. Ayrım isə bildirib ki, Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri bütün sahələrdə uğurla inkişaf edir. O, Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində bundan sonra da möhkəmlənəcəyinə və genişlənəcəyinə əminliyini ifadə edib.

Görüşdə kənd təsərrüfatı sahəsində əməkdaşlığın, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.




  • 30-08-2024, 17:52